İran ilə Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsinin açılması iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.
FED.az xəbər verir ki, bu sözləri İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi deyib. Təbrizdə jurnalistlərin suallarını cavablandıran vali bildirib ki, yeni gömrük-keçid məntəqəsi Azərbaycanın işğaldan azad olunan ərazisində - Xudafərin körpüsünün yanında açılacaq.
Onun sözlərinə görə, bunun üçün lazım olan tədbirlər artıq həyata keçirilib. Hər iki dövlətin rəsmi şəxsləri yeni gömrük-keçid məntəqəsinin yaradılmasını diqqət mərkəzində saxlayırlar:
“Yeni məntəqə xalqların və dövlətlərin maraqlarını əks etdirir. Hər iki dövlətin regionları arasındakı əlaqələrin inkişafı sərhədyanı bölgədə yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək”.