“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) bu gündən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməklə yerinə yetirməyə başladığını elan edib.
Eləcə də bax: AZAL Ermənistan üzərindən - Uçuşlara Başladı
FED.az xəbər verir ki, bu, artıq Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı da sayıla bilər.
AZAL-ın məlumatında bildirilir ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bu isə bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
Nəzərə almaq lazımdır ki, bu, birtərəfli addım deyil. Ermənistanla Azərbaycan arasında müharibə bitdiyindən regional aviasiya təhlükəsizliyi qaydaları da təbii olaraq dəyişib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən, regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır.
Odur ki, Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirməyə başlayıb.
Bu məsələdə həm Azərbaycan, həm də Ermənistanın müvafiq öhdəliyi var. Söhbət ondan gedir ki, Azərbaycan Ermənistan hava məkanı ilə uçuşlar icra etdiyi kimi, eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə edə bilər. Yəni, bu proses birtərəfli qaydaya yerinə yetirilmir, həm Azərbaycanın, həm də Ermənistanın regionda yeni reallıqlardan faydalanmaq imkanı yaranıb. Tərəflərin bu imkandan istifadə etməsi həm regional təhlükəsizliyə, həm münasibətlərin normallaşmasına töhfə verir, həm də bunun iqtisadi dividentləri var. Bir faktı vurğulamaq yerinə düşər ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişərək, Ermənistan üzərindən yerinə yetirilməsi uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Ermənistan mülki aviasiyasının da eyni qaydada Azərbaycan hava məkanından keçən dəhlizlərdən istifadə etməsi bu ölkə üçün daha əlverişlidir.
Son baş verənlər eyni zamanda regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Ermənistan bununla tranzit ölkəyə çevrilir.
Başqa bir maraqlı məqam odur ki, belə olan halda Azərbaycanın uçuşlar üçün İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmır. (Apa)