“Azərbaycan Dəmir Yolları” Gürcüstanda dəmiryolunda baş verən, Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə nəticələnən qatar qəzası barədə məlumat yayıb.
Gürcüstanda qatar relsdən çıxıb: Azərbaycan vətəndaşları - 1 NƏFƏR ÖLÜB, 3 NƏFƏR YARALANIB
Qurumdan FED.az-a verilən məlumata görə, hadisə Marabda-Kartsaxi dəmir yolu sahəsində baş verib.
“Azərbaycan Dəmir Yolları” bildirir ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.
«Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır»-deyə qurumdan bildirilib.