Azərbaycan 2020-ci ildə ümumilikdə 60 milyon 720 min dollar dəyərində lokomotiv alıb. Bu barədə hökumətdən məlumat verilib.
FED.az xəbər verir ki, “2020-ci ildə Azərbaycan 9 ədəd dəmir yolu lokomotivi alıb. Lokomotivlərin hamısı Qazaxıstandan alınıb”, - deyə məlumatda bildirilir.
Azərbaycan 2019-cu ildə ümumilikdə 101 milyon 498 min dollar dəyərində 17 ədəd lokomotiv alıb. Lokomotivlər Fransa və Qazaxıstandan tədarük edilib. Xüsusilə Fransadan 43 milyon 274 min dollar dəyərində 8, Qazaxıstandan 58 milyon 224 min dollar dəyərində 9 ədəd lokomotiv alınıb.
Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə 12 may 2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC “Alstom” şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanlı lokomotiv alacaq. Bu lokomotivlərin 40-ı Bakı-Tbilisi-Qars marşrutu ilə yük, 10-u isə sərnişin daşımalarında istismar olunacaq. Tədarüklə bağlı sifariş 2021-ci ilin sonunadək yerinə yetirilməlidir. (İnterfaks-Azərbaycan)