Şuşaya turların təşkili üçün Füzuli hava limanına mütəmadi uçuşların həyata keçirilməsi planlaşdırılır
Bakı Aeroportu rekord sayda sərnişinə - XİDMƏT GÖSTƏRİB
2022-ci il AZAL üçün ötən illərə nisbətən daha müsbət bir il oldu. Çünki pandemiyadan əvvəlki göstəricilərə nail olunub, sərnişin daşımaları artıb, uçuş coğrafiyası genişləndirilib.
FED.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev müsahibəsində əsas amillər barədə - qiymət siyasəti, aviaşirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılması, donanmasının genişləndirilməsi planları, yola saldığımız ilin yekunları və qarşıda duran vəzifələr haqqında söhbət açıb.
- Samir müəllim, söhbətimizə postpandemiya dövründə mülki aviasiyanın durumundan başlamaq istərdim. Bir çox aviasiya ekspertləri bildirirlər ki, aviasiya son illərdəki tənəzzüldən sonra bərpa olunmağa başlayıb. Ölkəmizdə də bunu müşahidə edirik mi?
- Bəli, düz qeyd etdiniz. Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi, aviasiya sektoruna da çox böyük zərər vurdu. Mülki aviasiya ilə bağlı təhlillər aparan mötəbər beynəlxalq qurumlarda aviasiya sənayesində pandemiyadan əvvəlki göstəricilərin bərpasını 2024-cü ilə proqnozlaşdırıb.
Sirr deyil ki, aviasiya sahəsində yaranmış geriləmə Azərbaycandan da yan keçməyib, lakin buna baxmayaraq, ötən il AZAL tərəfindən göstərilən çevik və səmərəli tədbirlər sayəsində pandemiyanın təsirləri minimuma endirilib və 2022-ci ildə sərnişin axınının həcmi, demək olar ki, pandemiyadan əvvəlki ilin göstəricilərinə bərabər olub. Belə ki, ötən il ölkənin bütün beynəlxalq hava limanlarında yola salınmış və qəbul edilmiş sərnişinlərin sayı 5,3 milyondan çox olub ki, bunun da 4,4 milyon nəfərə Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür.
Ümumilikdə 36 min reys yerinə yetirilib ki, onun da 18 mini ölkədaxili reyslərlə birgə, AZAL tərəfindən həyata keçirilib, bu da bu günədək olan rekord göstəricidir.
- Qalan reyslər kimin payına düşür?
- Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb. Ümumilikdə 2022-ci ildə 36 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib və 2,2 milyon sərnişin daşıyıb, hansı ki, bugünədək olan rekord nəticədir. Ümumiyyətlə, beynəlxalq reyslər üzrə ümumi sərnişinlərin 41%-ni AZAL, qalan 59%-ni isə digər aviaşirkətlər daşıyıb.
- Xarici aviaşirkətlərin sayının gələcəkdə artması ehtimalı varmı?
-Bizə görə əsas məsələlərdən biri sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması, eyni zamanda, ölkəmizin turizm potensialının artırılmasıdır. Bu səbəbdən hazırda da Azərbaycana uçuşları həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığımızı genişləndirməkdə davam edirik. Həmçinin, Azərbaycan həm Avropa, həm də Asiya ölkələrinə nisbətdə əlverişli nöqtədə yerləşdiyindən bu istiqamətlərdə uçuşlar həyata keçirən aviadaşıyıcılar üçün bir növ hab rolunu oynayır və onlar da bunda maraqlıdılar.
Təkcə, ötən il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna 7 yeni aviadaşıyıcı cəlb edilib və bu prosesi bu il də davam etdirəcəyik.
Artıq “WizzAir”, “Pegasus” kimi aşağıbüdcəli aviaşirkətlərlə uçuş coğrafiyasının genişləndirilməsi, “AirAsia”nın cəlb olunması istiqamətində danışıqlar aparırıq. Ümidvarıq ki, müsbət nəticələr əldə edəcəyik və yaxın gələcəkdə sərnişinlərimizi sevindirəcəyik. Həmçinin, biz bütün aeroportlarımızı xarici aviaşirkətlərə baza hava limanı qismində də təqdim etməyə başlamışıq.
- Yəni, sərnişinləri bu il daha geniş uçuş istiqaməti gözləyir deyə bilərik?
- Əlbəttə. Təkcə xarici aviaşirkətlər hesabına deyil, AZAL da marşrut şəbəkəsini genişləndirir, uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib.
Artıq 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb. AZAL tərəfindən Rusiya və Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb. Əgər 2022-ci ildə 36 istiqamətə uçuşlar həyata keçirdirdiksə, 2023-cü ilə bu rəqəmi 62-yə çatdırmağı hədəfləyirik.
Bir çox istiqamət üzrə uçuşlara başlamağı planlaşdırırıq. Bu ilin mart ayından etibarən AZAL tərəfindən Almatı, Astana, Volqoqrad, Surqut, Samara, Yekaterinburq və Novosibirsk şəhərlərinə reyslərin həyata keçirilməsinə başlanılacaq. May ayından etibarən milli aviadaşıyıcı Barselonaya, Vyanaya və Parisə uçuşlar yerinə yetirəcək. Əsas kökləndiyimiz uçuş coğrafiyasını şərti olaraq Avropa, Asiya və Yaxın Şərq istiqamətləridir.
- Sərnişinlər üçün əlçatanlıqdan danışırıqsa, əlbəttə ki, burada qiymət siyasətinə toxunmamaq mümkün deyil. Cəmiyyətdə bəzən aviabiletlərin qiymətləri ilə bağlı bir sıra narazılıqlara rast gəlirik və bu barədə sizin fikrinizi öyrənmək istərdik.
- Bu məsələyə daha geniş aydınlıq gətirmək istərdim, çünki son zamanlar insanlar arasında müəyyən fikir ayrılıqları yaranıb. Mənzərə tam aydın görünsün deyə, əvvəlcə aviabilet qiymətlərinin formalaşmasına təsir göstərən əsas xərc maddələrini sadalamaq istərdim. Bunlara aviayanacaq xərcləri, hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət, yığımların ödənilməsi üçün tələb olunan xərclər, aeronaviqasiya, o cümlədən digər istehsalat və inzibati-idarə xərcləri aiddir.
Dünyada cərəyan edən siyasi proseslər, yüksək inflyasiya templəri, bunun nəticəsində yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir. Məlumdur ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik.
Bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.
AZAL sərnişinlərini düşünərək xarici hava limanlarında ən uyğun vaxtları və ən yaxın eniş terminallarını özündə birləşdirən slotlar alır (Təyyarənin müəyyən vaxtda və ya müddətdə eniş və uçuşu əməliyyatının yerinə yetirilməsi üçün aeroportda reysə ayrılan zaman – red). Çünki uçuşların hansı saatlarda və hansı təyyarə ilə həyata keçirilməsi, hansı təyinat hava limanına enməsi və ya hansı terminala yaxınlaşması da aviabiletin qiymətinə təsir edən amillərdəndir.
Həmçinin, aviaşirkətimiz tərəfindən mütəmadi olaraq müxtəlif stimullaşdırıcı aksiyalar keçirilir, sərnişinlərimizə daha sərfəli qiymətlərlə daimi istiqamətlərimizdə səyahət etmək imkanı yaradırıq. 2022-ci ilin sonlarında AZAL promo aksiya keçirdi və nəticədə 9 istiqamətdə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışı çıxartdı. Yəni, sərnişinlər üçün tədricən əlçatanlığı təmin etmək məqsədilə fəal şəkildə həm qısamüddətli, həm də uzunmüddətli tədbirlər həyata keçiririk.
- Cavabınızdan belə başa düşdüm ki, hazırda AZAL-ın xərclərinin optimallaşdırılması istiqamətində fəal iş aparılır. Bu, bir növ həm də aviaşirkətin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.
- Tamamilə doğrudur. “McKinsey” Beynəqxalq Məsləhət Şirkəti ilə birgə 2023-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı hazırlamışıq və hazırlanmış strategiya təstiq olunub. Əlavə olaraq, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif istiqamətlərdə beynəlxalq təcrübənin tətbiqi nəticəsində sahəvi fəaliyyətlərin təkmilləşdirilməsi yönündə işlər görülməkdədir.
- Yəni, artıq aviaşirkətin 2030-cu ilədək hədəfləri müəyyənləşib?
- Bəli, AZAL-ın 2030-cu ilə qədər hədəfləri Strateji İnkişaf Planında öz əksini tapıb. Burada əsas məsələ köhnə təyyarələrin tədricən istismardan çıxarılması və yeni geniş gövdəli və dar gövdəli hava gəmilərindən ibarət donanmanın formalaşdırılmasıdır ki, bu da öz növbəsində müəyyən xərclərə əhəmiyyətli qənaət etmək imkanı yaradır. Hazırda AZAL-ın təyyarə parkını müxtəlif növlərdən ibarət 29 hava gəmisi təşkil edir və təyyarələrin orta yaşı 11-dir. Bu da istər təyyarələrin saxlanılması, istərsə də təyyarələrə xidmət göstərən işçi heyyətin hazırlanması baxımından xərclərin çox olmasına gətirib çıxarır. Bu xərclərdən qurtulmaq üçün biz Strateji İnkişaf Planımızda da 2030-cu ilədək parkımızda yalnız 2 növ hava gəmisinin saxlanmasını nəzərdə tuturuq. Parkımız dar gövdəli hava gəmiləri üzrə yalnız “Airbus A320 Neo” sinfi, genişgövdəli hava gəmiləri isə “Boeing 787 Dreamliner” tipli hava gəmilərindən ibarət olacaqdır.
Ümumiyyətlə, bu inkişaf planı genişdir və özündə bir çox məsələləri ehtiva edir. Bunlara misal olaraq hava gəmisi parkının unifikasiyasını, uçuş şəbəkəsinin genişləndirilməsini, uçuşlar arasında düzgün koordinasiya sisteminin qurulmasını göstərə bilərəm. Bu yöndə AZAL tərəfindən turizm agentləri ilə görüşlər təşkil olunur, hansı istiqamətə daha çox tələbatın olduğu öyrənilir, sorğular keçirilir. Bu bizə həm də uçuş coğrafiyasını düzgün səmtləşdirməyə imkan verir. Həmçinin onlayn sistem üzərindən aviabilet satışlarının stimullaşdırılması, sərnişinlərin rahatlığının təmin olunması məqsədilə işlər görülür. Hazırda aviaşirkətin saytı, o cümlədən mobil tətbiqi təkmilləşdirilir, hər ikisini daha funksional və rahat etməyə çalışırıq.
- Samir müəllim, bütün bu tədbirlər sərnişinlər üçün əlçatanlığa hesablanıb. Heç də az əhəmiyyətli olmayan məqamlardan biri də şirkətin öz maliyyə vəziyyətinin sağlamlaşdırılmasıdır. Bu istiqamətdə hansı işlər görülüb?
- Təbii ki, şirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılması da vacib amillərdən biridir və bu məsələ hər zaman diqqətdə saxlanılır. Ümumiyyətlə, 2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Onu da deyə bilərəm ki, ötən il həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub.
Həmçinin, hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı 2022-ci ildə alınan “AirbusA320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.
Düşünürəm ki, 2022-ci ilin maliyyə yekunları ilə bağlı ən vacib məsələlərdən biri də beynəlxalq maliyyə standartlarına əsasən ilkin nəticələrə görə AZAL-ın tarixində ilk dəfə olaraq ötən ili xalis mənfəətlə başa vurmasıdır. Hədəfimiz də elə bu tendensiyanı qoruyub saxlamaq və davam etdirməkdir.
- Regional aeroportların fəaliyyətinə toxunmaq istərdim. Bölgələrimizdə mövcud olan hava limanlarından istifadənin gələcəkdə daha da genişləndirilməsi üçün hər hansısa addımlar atılırmı?
- Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur, onların ikisi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir. Qarabağda quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, daha öncə 2021-ci ildə Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və ötən ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu hava limanlarında yaradılan şərait öz növbəsində beynəlxalq standartlara uyğun olaraq uçuşların həyata keçirilməsinə imkan verir. Həmçinin bu hava limanları bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul etmək iqtidarındadır. Eyni zamanda, ölkə üzrə 9-cu, azad edilmiş torpaqlarda 3-cü aeroport olacaq Laçın Beynəlxalq Hava Limanı da tikilməkdədir.
Hava limanlarının fəaliyyətindən danışarkən, AZAL regional hava limanlarından beynəlxalq istiqamətlər üzrə yalnız Rusiyaya ə Türkiyəyə uçuşlar həyata keçirir. O cümlədən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti də mövcuddur və Şuşaya turların təşkili üçün Füzuli hava limanına mütəmadi uçuşların həyata keçirilməsi planlaşdırılır.
Hazırda aşağıbüdcəli aviaşirkət olan “WizzAir” ilə regional hava limanlarına uçuşların təşkil edilməsi ilə bağlı danışıqlar aparılır. Daha öncə qeyd etdiyim kimi, biz bütün regional aeroportlarımızı xarici aviaşirkətlərə baza hava limanı qismində də təqdim etməyə hazırıq və bunun üçün mövcud şərait də var.
- AZAL aparıcı aviaşirkət olmaqla yanaşı, həm də dünyada ən təhlükəsiz hava yollarından biri kimi tanınır. Onun təhlükəsizliyinin təminatçıları sırasında “Azəraeronaviqasiya” Hava Hərəkətinə Nəzarət İdarəsi (AZANS) var. Sonda qısa şəkildə AZANS-dakı yeniliklərə də nəzər salaq.
- Təhlükəsizlikdən danışaraq qeyd etmək istərdim ki, ötən il “Azərbaycan Hava Yolları”nın növbəti dəfə IOSA-nın (Beynəlxalq İstismar Təhlükəsizliyinin Audit proqramı- red.) əməliyyat təhlükəsizliyi auditindən uğurla keçməsi ciddi beynəlxalq mülki aviasiya təhlükəsizliyi tələblərinə cavab verən etibarlı aviaşirkət kimi qəbul edilməsi üçün mühüm amildir.
AZANS-ın fəaliyyətinə diqqət yetirsək, ötən il “CANSO Global Safety Achievement” nominasiyasında qalib gələrək, dünyada aeronaviqasiya xidmətlərinin Top-5 ən etibarlı təchizatçıları siyahısında yer alıb. Burada Azərbaycanla yanaşı, ABŞ, Argentina, Tayland, həmçinin Yeni Zelandiya da var.
Bu gün AZANS tərəfindən vaxtında görülən tədbirlər sayəsində Avropadan Asiyaya uçuşlar həyata keçirən aviaşirkətlər qısa müddət ərzində alternativ marşrutlara və regiondakı böhran vəziyyətlərinə uyğunlaşa bilib.
- Yəni, Azərbaycan hava məkanının beynəlxalq hava daşımalarında tranzit dövlət kimi rolu artıb.
- Bəli, ölkəmiz üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi, onların səmərəliliyinin və ekoloji təhlükəsizliyinin artırılması sahəsində AZANS tərəfindən görülən daimi işlər nəticəsində ölkə üzərindən tranzit hava daşımalarında artım mövsümi aylarda 2,6 dəfə olmaqla, ümumi orta artım tempi 1,3 dəfə olub. Hazırda Azərbaycanın hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş həyata keçirilir. Yəni, bu bir daha göstərir ki, Azərbaycanın hava məkanı xarici aviaşirkətlər üçün daha cəlbedicidir. Həm də, Azərbaycan hava hərəkətinin idarə edilməsi və ölkə ərazisindən tranzit uçuşların planlaşdırılması sahəsində EUROCONTROL ilə əməkdaşlığı dinamik şəkildə genişləndirir.
- Samir müəllim, suallarımızı dolğun şəkildə cavablandırdığınız üçün təşəkkür edirik və cari ildə də fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.
- Bu il Azərbaycan mülki aviasiyasının 85 illiyi qeyd olunacaq. AZAL əldə etdiyi nəticələri 2023-cü ildə möhkəmləndirməyi və fəaliyyətinin bütün sahələrində uğurları inkişaf etdirməyi planlaşdırır. Çox sağ olun. (Azərtac)