Hazırda 145 beynəlxalq avtomobil yükdaşımaları ilə məşğul olan hüquqi və fiziki şəxs Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) üzvüdür.
ABADA: "Azərbaycanın beynəlxalq daşımalarda iştirak edən sürücülərin sayı artırılmalıdır"
FED.az xəbər verir ki, bunu 2023-cü ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan seminarda çıxışı zamanı ABADA-nın Baş katibi Kənan Qurbanov deyib.
Onun sözlərinə görə, ABADA 1998-ci ilin noyabr ayında mənzil-qərargahı Cenevrə (İsveçrə) şəhərində yerləşən beynəlxalq yük daşımaları kitabçalarının (Karnet-TIR) tətbiqi üzrə dünya təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvlüyünə qəbul olunub.
“ABADA öz üzvlərini Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqından (İRU) aldığı Karnet-TIR kitabçaları ilə təmin edir. ABADA Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları assosiasiyaları, İRU, Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, eyni zamanda, bu təşkilatların təşkil etdikləri iclaslarda, seminarlarda, konfrans və digər tədbirlərdə mütəmadi olaraq iştirak edərək, Azərbaycan avtomobil daşıyıcılarının mənafelərini və mövqelərini müdafiə edir”, - deyə qurum rəsmisi vurğulayıb. (Azərtac)