ABŞ-ın məşhur logistika və daşıma şirkəti olan FedEx-in (FDX) səhmləri 20% ucuzhlaşıb.
FED.az xəbər verir ki, şirkətin səhmləri sentyabrın 16-da, yəni ötən həftənin sonuncu birja günü 205 dollardan 159 dollaradək dəyər itirib. Sonradan, yəni bu həftənin əvvəlində səhmin qiyməti bir neçə dollar korreksiya olunsa da, itirilmiş qiyməti bərpa etmək mümnü olmayıb. Hazırda FedEx-in səhmləri 162 dollara ticarət edilir, halbuki 5 gün əvvəl qiymət 210 dollar arasında idi.
Ucuzlaşmanın səbəbi şirkətin yarım illik hesabatının investorların gözləntisini doğrultmaması olub. 2-ci rübün nəticələrinə görə, FedEx-in gəlirləri $23,2 mlrd olub (əvvəlki dövrlə müqayisədə 5,5% artıq), amma bu proqnozdan aşağı idi – investorlar $23,61 mlrd gözləyirdilər. Hər səhm başına düşən mənfəət isə $3,44 olub. Bu əvvəlki illə müqayisədə 21% artıq olsa da, gözlənti $5,14 idi.
Şirkət özü gəlirlərin gözlənilən səviyyədə olmamasını Asiya və Avropadakı vəziyyətlə izah edib – məhz bu regionlarda şirkətin satışları $500 mln aşağı düşüb.
Nəticədə hazırda FedEx genişlənmə barədə planlarını dəyişib, xərclərin azaldılması üçün tədbirlərə başlayıb: reyslərin və icarəyə götürülən təyyarələrin sayı azaldılıb, təqribən 90 ofis bağlanıb və yeni işçilərin cəlb il bağlı planlar təxirə salınıb.
Amma maraqlıdır ki, FedEx-də baş verənlər təkcə şirkətin özü ilə bağlı deyil. ənənəvi olaraq bu şirkətin iqtisadi göstəriciləri ümumilikdə ABŞ və xaricdəki yük daşımaları sahəsində ümumi vəziyyəti göstərir. Burada baş verənlər isə ABŞ və dünya iqtisadiyyatında baş verən və baş verəcək prosesləri əks etdirir.
Təkcə ABŞ-da FedEx-in 375 min əməkdaşı çalışır, şirkətin 684 təyyarəsi və 163 min avtomobili var. Şirkət 166 min şirkətə ildə ümumi dəyəri 115 milyard dollar olan mal göndərir və bu şirkətlərdə 6,1 milyondan artıq insan çalışır.