Azərbaycanda hazırda 2 milyonadək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür.
“BYD” Azərbaycanda elektrobusların istehsalını - TƏŞKİL EDƏCƏK
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva Bakı Enerji Həftəsi çərçivəsində Baku Expo Mərkəzində keçirilən “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı” mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2013-2014-cü illərdə Bakıda hər 100 ailəyə 120 avtomobil düşürdü.
“Hazırda isə bu rəqəm bir qədər azalıb. Buna səbəb ölkə başçısı İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı apardığı önəmli siyasətlə bağlıdır. Xüsusilə bu il ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək. COP29-la əlaqədar bu ilin sentyabrınadək Azərbaycana BYD şirkətinin istehsalı olan 160 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub. Həmçinin 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. Bununla da dizel avtobusların tamamilə dövriyyədən çıxarılaraq elektrik avtobuslar ilə əvəzlənməsi gözlənilir. Artıq 2026-cı ildə 1100 ədəd elektrik avtobusun istismara daxil olması planlaşdırılır”, - deyə N.Gülmalıyeva əlavə edib.
Nazirlik rəsmisi deyib ki, həm dövlət, həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji infrastrukturlarının qurulması nəzərdə tutulur. (Azərtac)