Dünyada inflyasiya proseslərinin davam etməsi kreditləşməyə tələbin artmasına səbəb olub. Bu da "fintex" şirkətlərinin, kreditləşmənin və digər ödənişlərin şəffaflığının artırılmasını zəruri edir.
Mərkəzi Bank: «Azərbaycanın kapital və bank bazarına fintex şirkətlərini cəlb etmək istəyirik»
FED.az xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisində bildirib.
O qeyd edib ki, 2023-cü ildə daxili prosesin optimallaşdırılması və xərclərin azaldılması qarşıda duran mühüm vəzifələrdən biri olacaq.
"Dünyada kriptovalyutalardan və blokçeyn texnologiyalarından istifadə etməklə müştərilərə yeni, qabaqcıl ödəniş xidməti məhsullarının təqdim edilməsi mühüm yer tutmaqdadır. Lakin bu, vahid nəzarət yanaşmasını olduqca aktual edir. Ənənəvi və yeni ödəniş üsullarının rəqəmsallaşması əlavə təhlükəsizlik tədbirlərinin görülməsini labüd edir. Dünya elektron kommersiyası 2022-ci il ərzində müxtəlif məlumatlara əsasən kibercinayətkarların günahı ucbatından 41 milyard ABŞ dollarından artıq vəsait itirib. Bu bir daha kibertəhlükəsizlik tədbirlərinin əhəmiyyətini vacibliyini göstərir", - deyə Z.Nuriyev əlavə edib.
Assosiasiya rəhbəri qeyd edib ki, maliyyə və bank sahəsində baş verən yeniliklər ödəniş xidmətləri və ödəniş sistemləri istiqamətində daim təkmilləşməni tələb edir:
"Bu istiqamətdə tənzimləyici orqan tərəfindən mövcud qanunvericiliyin təkmilləşdirilməsi aparılır, yeni hüquqi sənədlər hazırlanır. Mərkəzi Bank "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun layihəsini artıq hökumətə təqdim edib. Bu qanun rəqəmsal maliyyə texnologiyalarının ölkə miqyasında tətbiqinin genişləndirilməsi, rəqəmsal ödənişlərin yeni inkişaf mərhələsinə qədəm qoymasında mühüm rol oynayacaq". (Report)