1 yanvar 2019-cu il tarixindən vergi ödəyicilərinə xidmət göstərən, illik dövriyyəsi 200 min manatdan aşağı olan fiziki və hüquqi şəxslər artıq sadələşdirilmiş vergi ödəyici ola bilməyəcəklər, müvafiq olaraq gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, mikro sahibkarlıq subyekti olan belə fərdi sahibkar və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq.
ELƏCƏ DƏ BAX: DSMF-ə təqdim edilən hesabatların taleyi məlum oldu - RƏSMİ
Dəyişikliklər açıqlanandan sonra məsələnin müzakirə doğuran tərəfi mikro sahibkarlıq subyektlərinə şamil olunan güzəştin il ərzində cari ödəmələr zamanı, yoxsa ilin sonunda tətbiq edilməsi oldu. Bu məsələ aktual olduğu üçün 21-22 dekabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə nazirliyin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilən dəyirmi masada da qaldırıldı. Vergilər Nazirliyinin rəsmi nümayəndələri 2019-cu ildən etibarən gəlir və ya mənfəət vergisi ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin cari vergi ödəmələri zamanı güzəştin nəzərə alınmayacağını bildirdilər. Bu zaman tədbirdə iştirak edən tanınmış ekspertlər- Mehdi Babayev, Rövşən Ağayev, Sahib Məmmədov, Qulu İbrahimli, Anar Bayramov və digər şəxslər 75 faizlik güzəştin cari vergi ödəmələri zamanı təbiq olunmamasını vergi ödəyicisinin hüquqlarının pozulması kimi qiymətləndirdilər. Ekspertlər fikirlərini onunla əsaslandırdılar ki, bu halda vergi ödəyicisinin vergini ödədikdən sonra sərəncamında qalan vəsaitin bir hissəsindən istifadə imkanı məhdudlaşır və artıq ödəmə həyata keçirilir. Onlar məhz bu səbəbdən güzəştin cari vergi ödəməsinə tətbiq edilməsini məqsədəuyğun hesab etdilər.
Vergilər Nazirliyinin rəsmiləri dəyirmi masada səsləndirilən bütün təklifləri, o cümlədən mikro sahibkarların cari vergi ödəmələri zamanı güzəştin tətbiq olunması məsələsini bir daha nazirlikdə müzakirə edəcəklərini bildirdilər.
Tədbirdən sonra mks.az saytı sözügedən məsələ ilə bağlı xəbəri yaymaqla ictimaiyyətin diqqətini bu məsələyə yönəltdi. 23 dekabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin rəsmilərinin və 200-ə yaxın mühasibin iştirak etdiyi Milli Mühasiblər Forumunun seminarında tanınmış mütəxəssis Mehdi Babayev də bu məsələnin vacibliyinə toxundu.
Nəhayət, bu gün keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva nazirliyin yekun qərarını açıqladı: mikro sahibkarların cari vergi ödəməsinə 75 faizlik güzəşt tətbiq olunacaq. Tədbirdə o da qeyd olundu ki, artıq cari vergi ödəmə arayışında bununla bağlı müvafiq düzəliş edilib. (Mks.az)