2020-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatında xarici kapitalın həcmi 32,787 mlrd. ABŞ dolları təşkil edib. Bu göstərici son 10 ildə 4,3 dəfə artıb.
Eləcə də bax: Dünya Bankı Azərbaycana $95 milyon məbləğində - Kredit Ayırmağı Planlaşdırır
FED.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "World Investment Report 2021" hesabatında deyilir.
Bildirilir ki, Azərbaycan rezidentlərinin xarici ölkələrdəki kapitalının həcmi isə 26,825 mlrd. dollar təşkil edib. Bu göstərici son 10 ildə 4,6 dəfə artıb.
Qeyd edək ki, xarici kapitalın ölkə iqtisadiyyatındakı həcmində görə, Azərbaycan keçid iqtisadiyyatları olan ölkələr arasında altıncıdır. Birinci pillədə 446,656 mlrd. dollar ilə Rusiya, ikinci – Qazaxıstan (151,396 mlrd. dollar), üçüncü isə Serbiyadır (51,763 mlrd. dollar). Digər lider ölkələrdən fərqli olaraq Rusiyada xarici kapitalın həcmi son 10 ildə azalıb (-3,8%).
İqtisadiyyatında ən az xarici kapitalın iştirakı olan ölkələr sırasında Tacikistan (3,129 mlrd. dollar), Qırğızıstan (4,205 mlrd. dollar) və Moldova (4,792 mlrd. dollar) olub.
Ölkələrin xarici iqtisadiyyatlarda olan kapitalına görə də, 379,637 mlrd. dollar həcm ilə Rusiya keçid iqtisadiyyatları liderdir. Burada ikinci yerdə Azərbaycan (26,825 mlrd. dollar), üçüncü pillədə isə Qazaxıstan qərarlaşıb (14,152 mlrd. dollar).
Sözügedən iqtisadiyyatların xaricdə ən az kapitalı olanlar sırasında isə Monteneqro (109 mln. dollar), Şimali Makedoniya (114 mln. dollar) və Tacikistan (186 mln. dollar) yer alıb.
Qeyd edək ki, UNCTAD keçid iqtisadiyyatı ölkələrinə MDB ölkələrini, həmçinin Ukrayna, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina , Monteneqro, Serbiya və Şimali Makedoniyanı aid edir. (Apa)