Türkiyə ilə Azərbaycanın fəal əməkdaşlığa başladığı istiqamətlərdən biri də maliyyə sektorudur. Bir neçə ay həftə əvvəl Türkiyə Prezidentinin Maliyyə Ofisi və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Eləcə də bax: Mərkəzi Bankda Türkiyə Maliyyə Ofisinin rəhbəri ilə - GÖRÜŞ KEÇİRİLİB
Qarşıdakı illərdə Türkiyənin maliyyə sahəsində maraqlı yeniliklər gözlənilir. Fintek sahəsinin sürətli inkişafı və yaxın vaxtlarda İstanbul Maliyyə Mərkəzinin işə düşməsi Türkiyəni regionun maliyyə habına çevirəcək.
Bu prosesləri maliyyə sektorunun önəmli qurumlarından olan Türkiyə prezidentinin Maliyyə Ofisi reallaşdırır.
Eləcə də bax: Keyfiyyətli biznes və iqtisadi təhsili - XARİCDƏ HARADA ALMAQ OLAR? – MÜSAHİBƏ
FED.az-ın suallarını Maliyyə Ofisi Müdirinin müavini Necip Fazıl Kaymak cavablandırıb:
- Necip bəy, əvvəlcə Türkiyənin Prezident Hökümət Sisteminə keçməsindən sonra 2018-ci ildə yaradılan 4 ofisdən biri - Türkiyə Prezidentinin Maliyyə Ofisi haqqında qısaca məlumat verə bilərsiniz?
- Türkiyə Prezidentinin Maliyyə Ofisi 24 iyun 2018-ci ildə Prezident Hökümət Sisteminə keçilməsindən sonra qüvvəyə minən 1 sayılı Fərman əsasında qurulub. Eyni zamanda, bu qurum Türkiyə Prezidentinə aid olan özəl büdcəli, publik hüququ şəxs olan, inzibati və maliyyə muxtariyyətə sahib dörd ofisdən biridir.
- Bu ofislərin yaradılmasında hansı məqsədlər nəzərdə tutulub?
- Ümumiyyətlə Prezident Hökümət Sisteminə keçilməsində ən önəmli məqsədlərdən bəziləri cəmiyyətdə bürokratiyanın azaldılması, dövlət-özəl sektorları arasında koordinasiyanın artırılması və proseslərin sürətləndirilməsidir. Bu istiqamətdə öz sahələrində strateji vəzifələrin məsuliyyətini daşıyan ofislər, Türkiyənin uzun müddətli inkişaf hədəflərində böyük önəmə sahibdirlər. Bu ofislərə həvalə edilən vəzifələr; ciddi milli əhəmiyyət kəsb edən, bir çox qurumların koordinasiyasını təmin edən və mərkəzi iradə ilə təkbətək təqib tələb edən uzunmüddətli işlərdir.
- Türkiyə Prezidentinin Maliyyə Ofisi hansı fəaliyyəti həyata keçirir?
- Prezident Maliyyə Ofisi yarandığı gündən yuxarıda qeyd olunan vəzifələr çərçivəsində daxili strukturlaşmasını tamamlayaraq bu istiqamətdə fəaliyyətə başlayıb. Prezidentin Maliyyə Ofisi ona həvalə edilmiş vəzifəyə uyğun olaraq: Milli və beynəlxalq maliyyə sistemini izləyərək təhlillər aparmaq, o cümlədən Türkiyənin inkişaf hədəfləri və İstanbul Maliyyə Mərkəzi (IFC) layihəsi çərçivəsində innovativ maliyyə məhsulları inkişaf etdirərək maliyyə sisteminin sağlam dərinləşməsini təmin etmək üçün müxtəlif araşdırmalar aparır. Əslində bütün bu vəzifələrin ümumi məqsədi, Türkiyədə istehsal/sosial inkişafı dəstəkləyən, davamlı və dünya ilə inteqrasiya olunmuş yeni maliyyə sisteminin qurulmasıdır. Bu istiqamətdə Maliyyə Ofisi əsasən maliyyə strategiyaları baxımından və İstanbul Maliyyə Mərkəzi (IFC) layihəsi çərçivəsində özü üçün iki əsas istiqaməti müəyyən edib. Bunlar iştirak maliyyəsi və maliyyə texnologiyaları – finteklərdir.
- Maliyyə Ofisi Azərbaycanla da əməkdaşlıq etməyə başlayıb. 2022-ci il martın 31-də Prezident Maliyyə Ofisi ilə Azərbaycanın Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalandı. Bu Memorandum barədə məlumat verərdiniz.
- Prezidentin Maliyyə Ofisi olaraq xarici maliyyə təşkilatları, fondları, beynəlxalq təşkilatlar və maliyyə mərkəzləri ilə əlaqələrimizi gücləndirmək, birgə iş və əməkdaşlıq məqsədilə fəaliyyətimizi davam etdiririk. Bu kontekstdə finteklərin, maliyyə alətlərinin və xidmətlərinin şaxələndirilməsi, maliyyə bazarlarının və sığorta sektorunun rəqəmsallaşdırılması, finteklərin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın qurulması məqsədilə Azərbaycanın Mərkəzi Bankı ilə Anlaşma Memorandumu imzaladıq.
- Anlaşma Memorandumunda hansı əməkdaşlıq sahələri və birgə fəaliyyətlər həyata keçiriləcək?
- Anlaşma Memorandumu çərçivəsində biz hər iki ölkənin ekspertlərinin iştirakı ilə Maliyyə Texnologiyaları sahəsində işçi qrupu yaratdıq. İşçi qrupun köməyi ilə biz finteklər üçün ümumi iş sahələrinin müəyyən ediləcəyi yol xəritəsi hazırlayırıq. Bu kontekstdə biz fintek sahəsində hüquqi infrastrukturun və lisenziyalaşdırma siyasətlərinin yaradılması və “Tənzimləyici Eksperiment Sahəsi” təcrübələrinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı artırmağı hədəfləyirik. Bundan əlavə, sığorta sektorunun və ödəniş sistemlərinin rəqəmsal transformasiyası və açıq bankçılıq sahəsində ölkəmizin təcrübəsini Azərbaycanla bölüşəcəyik. Əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün bu istiqamətlər üzrə birgə proqramlar, seminarlar, tədris səfərləri və peşəkar mübadilə proqramları təşkil edəcəyik.
- Azərbaycanla imzalanmış Anlaşma Memorandumu ilə bağlı gələcək gözləntiləriniz nədir?
- Azərbaycan Respublikası əməkdaşlıq baxımından prioritet saydığımız və bu kontekstdə anlaşma memorandumu imzaladığımız ölkələr sırasındadır. Bu vəziyyət həm də dost və qardaş ölkə olan Azərbaycana verdiyimiz önəmi göstərir. İnanıram ki, anlaşma memorandumu hər iki ölkənin maliyyə sektorlarının inkişafına və uzunmüddətli tərəfdaşlıq strukturunun yaradılması ilə əməkdaşlığın artırılmasına mühüm töhfə verəcək. Biz iki ölkə arasında Fintek ekosisteminin və onun hüquqi bazasının tənzimlənməsi, maliyyə sektorunda rəqabətqabiliyyətli, innovativ və əlçatan maliyyə xidmətlərinin inkişafı, ödəniş sistemlərinin və sığorta sektorunun rəqəmsal transformasiyası və açıq bank modelinin tətbiqi üzrə əlaqələri daha da inkişaf etdirməyi hədəfləyirik.
- Beynəlxalq kontekstdə fintek-lərin inkişafını necə görürsünüz?
- İlk növbədə, Covid-19 epidemiyası bu sektor üçün fürsət yaratdı və böyük irəliləyişlərə səbəb oldu. Finteklər çevik davranaraq və məhsul inkişaf etdirərək müştəri ehtiyaclarını qarşılamağa çalışdı. Epidemiyanın bu sektora təsirini müşahidə etdikdə görərik ki, 2019-cu ildə fintek şirkətlərinin sayı 12 min civarında olduğu halda, 2020-ci ildə bu rəqəm təxminən 21 minə çatır. Ötən ilin məlumatına görə isə, bu rəqəm 26 minə yüksəlib. Qlobal miqyasda fintek sektoruna investisiyalar 2019-cu ildə 215 milyard dollar sərmayə ilə ən yüksək səviyyəyə çatıb, 2020 və 2021-ci illərdə isə 100 milyard dollardan çox sərmayə qoyulub.
İnnovativ biznes modelləri kimi, daxili maliyyə tətbiqləri və super tətbiqlər inkişaf edir, həmçinin «ağıllı» müqavilələr və mərkəzləşdirilməmiş maliyyəyə doğru tendensiya var. Kripto aktivlərə alternativ olaraq ölkələr buna biganə qalmayaraq rəqəmsal maliyyə dünyasına uyğunlaşmaq üçün mərkəzi banklar vasitəsilə rəqəmsal valyutalarını inkişaf etdirməyə davam edirlər.
- Türkiyədə finteklərin hazırkı vəziyyəti və gələcəyi haqqında nə düşünürsünüz?
- Türkiyə güclü bank sektoru və rəqəmsallaşmanın yüksək sürəti ilə dünyada tanınır. Maliyyə texnologiyaları Türkiyənin ən dinamik sektorlarından biri olaraq sürətlə böyüməyə davam edir. Hazırda Türkiyənin fintek ekosistemində 564-ü aktiv fəaliyyət göstərən 650 fintek şirkəti var. Sahələr üzrə təhlil edildikdə, 225 şirkət ödənişlər, 76 şirkət bank fəaliyyəti, kripto aktivlər və blokçeyn fəaliyyəti ilə məşğuldur. Sayca bunlardan sonra sığorta və maliyyələşdirmə sahəsinə aid finteklər gəlir. Fintek investisiyaları da Türkiyənin aparıcı investisiya sahələrindən biridir. 29 investisiya dövrəsi və 65 milyon dollarlıq investisiya ilə 2021-ci il bu mənada rekord olaraq xarakterizə edilə bilər. Həm də bütün zamanların ən böyük sərmayəsi hesab edilə bilər.
- Dövlət özü Türkiyədə fintek sahəsinin inkişafı üçün hansı addımlar atır?
- Artıq bu sahəyə aid qanunvericilik infrastrukturu da son qaydalarla tamamlanmağa başlamışdır və yeni fintek qurğuları üçün infrastruktur hazır görünür. Məsələn, crowdfunding tənzimləməsi ilə bu sahədə bir hərəkət açıq şəkildə görüldü və buna bənzər şəkildə, qarşıdakı dövrdə bir çox yeni sahədə finteklər qurulacaq. Bundan əlavə, İstanbul Maliyyə Mərkəzinin (IFC) tamamlanması və fəaliyyətə başlaması gözlənilir. Bundan sonra bölgədə sənayeni inteqrasiya edən fintek ekosisteminin canlanacağına və həm şirkətlərin sayı, həm də gəlirlər və investisiyaların artacağına inanırıq.
- Prezident Maliyyə İdarəsi olaraq fintek kontekstində hansı işlər görürsünüz?
- Prezident Maliyyə İdarəsi olaraq ölkəmizin fintek üzrə dünyanın ən mühüm və qabaqcıl ölkələri sırasında olmasını əsas prioritetlərimizdən biri sayırıq. Bunun üçün bütün aidiyyatı qurum və təşkilatlarla koordinasiyalı şəkildə işləyirik. Texnoloji səriştəsi və maliyyə sektorunda möhkəm təcrübəsi sayəsində Türkiyə maliyyə texnologiyaları sahəsində böyük potensiala malik bir ölkədir. İstanbul Maliyyə Mərkəzi (IFC) ilə fintek sektoruna investisiyaları artırmaq, innovativ biznes modellərini ölkəmizə gətirmək və gələcəkdə maliyyə xidmətləri ixrac edən ölkəyə çevrilmək niyyətindəyik.
Maliyyə Ofisi olaraq biz fintek sahəsini canlandırmaq və onun potensialını üzə çıxarmaq üçün ekosistemi inkişaf etdirəcək işlər həyata keçiririk. Bunlardan ən əhəmiyyətlisi “Milli Fintek Strategiyası”nın hazırlanmasıdır. Bu sənəd hazırlanarkən fintek sahəsinin maraqlı tərəflərinin rəyləri alınıb və bu sahə tərəfindən maraqla gözlənilir. Müvafiq qurum və təşkilatların rəyləri ilə Strategiyamıza bəzi düzəlişlər etmişik və bununla bağlı işlərimizi yekunlaşdırıb, yaxın gələcəkdə sənədi sektorla paylaşacağıq.
Bundan əlavə, texnopark statusuna sahib olacaq "İstanbul Maliyyə və Texnologiya Bazasını" yaradırıq. Bu baza ideyanın inkişafı mərhələsindən başlayaraq, mentorluq xidmətləri və sürətləndirici proqramlar təmin edəcək. Eləcə də fintek şirkətlərinə onların əməliyyatlarını asanlaşdırmaq üçün stimullar təqdim edəcək qanunvericilik hazırlamaq üzərində işləyirik.
- Türkiyənin maliyyə sektorunun, o cümlədən haqqında bəhs etdiyiniz fintek sektorunun xaricdə və potensial investorlara tanıdılması üçün hansı işlər həyata keçirilir?
- Türk fintek sənayesini yerli və xarici fintek sahibkar və investorlara daha yaxşı tanıtmaq üçün həyata keçirilən digər bir iş də son mərhələdə olan “Türkiyə Fintek Bələdçisi”dir. İnanırıq ki, fintek sahəsində bir ilk olacaq bu bələdçi həm ölkəmizin fintek ekosistemi üçün giriş sənədi, həm də sektor üçün rəhbər sənəd olacaq.
Bundan əlavə, 2021-ci il üçün ilk dəfə dərc etdiyimiz “Türkiyə Fintek Ekosistemi Vəziyyəti Hesabatımız” Türkiyənin fintek ekosistemi üçün cari məlumatların və inkişafların izlənilə biləcəyi bir sənəd oldu və biz bunu hər il dərc etməyə davam edəcəyik.
Nəhayət, Türkiyənin maliyyə sektorunun imkanlarını xaricdə tanıtmaq üçün vebinar seriyasına başladıq. Ötən aylarda Qətər Maliyyə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində birincisini təşkil etdik. Tədbirdə Türkiyənin 20 fintek şirkəti və 3 iştirak bankı Qətərli investorlara özlərini tanıtmaq imkanı qazanıb. Qarşıdakı dövrdə biz müxtəlif ölkələrdə beynəlxalq onlayn proqramları davam etdirəcəyik. Müvafiq ölkələrə investisiya turları təşkil etmək də planlarımız arasındadır.