Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ölkədəki yüksək inflyasiyanı azaltmaq üçün faizini 5 bənd də artıraraq 25 faizdən 30 faizə qaldırıb.
Türkiyə Mərkəzi Bankı faizini - KƏSKİN ARTIRDI
FED.az xəbər verir ki, proqnoz da Mərkəzi Bankın faizini 5 bənd artıracağı barədə idi.
TCMB faizini (uçot dərəcəsini) iyulda 2,50 bənd artıraraq 15%-dən 17,5%-ə, avqustda isə 7,50 bənd artıraraq 17,5%-dən 25%-ə yüksəltmişdi.
TCMB bu il 4-cü dəfədir faizini artırır.
TCMB-nin qərarında deyilir:
"İdarə Heyəti inflyasiyanı mümkün qədər tez aşağı salmaq və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün monetar sərtləşdirmə prosesini davam etdirmək qərarına gəlib. İnflyasiya və onun əsas tendensiyası ilə bağlı göstəricilər yaxından izləniləcək və İdarə heyəti qiymət sabitliyini təmin etmək üçün sərəncamında olan bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək".
Mərkəzi Bank qeyd edib ki, iyul və avqust aylarında inflyasiya gözləntiləri üstələyib. Daxili tələbin güclü olması, xidmət qiymətlərinin artması, neft qiymətlərindəki artım inflyasiya üzərində əlavə yüksəliş təzyiqi yaradır.
Qeyd edilib ki, faizin artırılması inflyasiyanın tendensiyasını azaldacaq və orta müddətli dövrdə 5 faiz hədəfinə salacaq. (Marja)