Bu ilin yanvar ayında Türkiyənin bank sektorunun xalis mənfəəti 4,341 milyard lirə (təxminən 591 milyon ABŞ dolları) təşkil edib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankının xalis ehtiyatları 12,14 milyard dollara düşüb
FED.az xəbər verir ki, bu barədə qonşu ölkənin Bank Tənzimlənməsi və Nəzarət Qurumunun (Bankaçılıq Düzenleme və Denetleme Kurumu - BDDK) hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, bu il fevralın 1-nə sektorun aktivləri 6 044,937 milyard lirə (təxminən 823 556 milyon dollar) olub ki, bu da yanvarın 1-i ilə müqayisədə 1% azdır.
Türkiyə banklarının aktivlərinin 3 554,598 milyard lirəsini (484 278 milyon dollar) onların kredit portfeli, 1 014,556 milyard lirəsini (138 223 milyon dollar) qiymətli kağızlara investisiyaları təşkil edib. Bunlar aylıq müqayisədə müvafiq olaraq 0,6% və 0,8% azdır.
Hesabat dövründə bank sektorunun öhdəliklərinin əsas hissəsini təşkil edən depozit portfeli 1,1% azalaraq 3 418,592 milyard lirəyə (465 748 milyon dollar) düşüb, balans kapitalı isə 0,9% artaraq 604,717 milyard lirəyə (82 387 milyon dollar) çatıb. (Report)