2025-ci ilin birinci yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin funksional təsnifatı üzrə bütün əsas bölmələrdə xərclər artıb. Ən yüksək artım isə müdafiə və milli təhlükəsizlik sahəsində qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Məlumata görə, müdafiə və milli təhlükəsizlik xərcləri illik müqayisədə 802,5 milyon manat və ya 26,3% artıb.
Digər sahələr üzrə illik artım göstəriciləri isə aşağıdakı kimi olub:
Təhsil xərclərində 233,5 milyon manat (10,4%) artım baş verib.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərində 124,5 milyon manat (10,7%) artım qeydə alınıb.
Sosial müdafiə və sosial təminat xərcləri 106,6 milyon manat (5,1%) artıb.
Kənd təsərrüfatı xərclərində 97,8 milyon manat (19,9%) artım baş verib.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti xərclərində isə 44,4 milyon manat (22,2%) artım olub.