Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə makroiqtisadi sabitliyin qorunmasına, maliyyə inklüzivliyinin təmin edilməsinə və resursların səmərəli bölüşdürülməsinin dəstəklənməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.
AMB sədri pul siyasətinin hansı halda yumuşaltılacağından danışdı
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report -- WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.
"Maliyyə sektoru “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” vasitəsilə maliyyə alətlərinin diversifikasiyası və dayanıqlı maliyyələşmənin təşviqi yolu ilə ev təsərrüfatlarını və biznesləri maliyyələşdirməyə davam edəcək. Maliyyə sektoru maliyyənin əlçatanlığını və dərinliyini artırmaq üçün ənənəvi kanallardan rəqəmsal maliyyə vasitəçiliyinə keçməyə can atır. Bu, maliyyə inklüzivliyinə böyük təsir edib və edəcək. Ev təsərrüfatlarının, bizneslərin maliyyə savadlılığının və biliklərinin artırılması da əsas prioritetlərdən biri olacaq", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, bank sektorunun dayanıqlılığının gücləndirilməsi, sığorta, qiymətli kağızlar və ödəniş sektorlarının inkişafı maliyyə sektorunun iqtisadiyyatın maliyyələşdirilməsində artan rolunu dəstəkləyəcək: "Əsas məqsədimiz yüksək rəqabət üstünlüyünə malik iqtisadi sektorlara maliyyələşdirməni gücləndirmək və yönəltmək, innovasiyalara daxili və xarici investisiyaları dəstəkləməkdir. Mən hesab edirəm ki, güclü və etibarlı maliyyə sektorumuzdan istifadə orta gəlir tələsindən qaçmaqda həlledici rol oynaya bilər. Bundan əlavə, AMB hökumət, Dünya Bankı və digər maraqlı tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək ki, öz siyasətinin bir qədər əvvəl təsdiqlənmiş 2025-2029-cu illər üçün yeni Ölkə ilə Tərəfdaşlıq Çərçivəsində müəyyən edilmiş strateji prioritetlərə uyğunluğunu təmin etsin". (Report)