«S&P Global Ratings» reytinq agentliyi Azərbaycanın xarici kreditlər üzrə proqnozunu «sabit»dən «mənfi»yə endirib.
Azərbaycanda dolların məzənnəsi barədə - Reytinq Agentliyindən Proqnoz
FED.az xəbər verir ki, agentliyin bununla bağlı açıqlamasına əsasən, ölkənin xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini dəyişməyərək “BB+/B” səviyyəsində təsdiqlənib.
Proqnozun «sabit»dən «mənfi»yə endirilməsi Ermənistanla sentyabrda başlayan və indiyədək davam edən silahlı münaqişə ilə bağlıdır.
«İqtisadiyyatın COVID-19 nəticəsində zəiflədiyi və neftin qiymətinin kəskin aşağı düşdüyü bir dövrdə hərbi münaqişə Azərbaycanın iqtisadi, xarici və maliyyə vəziyyətini çətinləşdirə bilər»-deyə agentliyin açıqlamasında bildirilir.
Agentlik qeyd edir ki, sözügedən münaqişə ölkənin iqtisadi və maliyyə sahələri üçün ağır yükə çevrilə bilər, çünki «onun həlli üçün xeyli vaxt tələb olunacaq».
«Azərbaycanla Ermənistan arasında getdikcə artan gərginlik 2020-ci ilin sentyabrında iki ölkə arasında silahlı toqquşmalara səbəb oldu».
Agentliyin fikrincə, bu münaqişə Azərbaycanda iqtisadi, maliyyə və xarici iqtisadi risklərə yol aça bilər, üstəlik indiyədək ölkə iqtisadiyyatı koronavirusdan və neftin ucuz qiymətlərindən təsirlənmişdi.
Ona görə də «mənfi» proqnozu büdcə göstəriciləri, xarici ödəmə balansı və makromaliyyə sabitliyi ilə bağlı riskləri əks etdirir.
Agentlik bildirir ki, «mənfi» proqnozu həm də onu göstərir ki, bu vəziyyət Azərbaycanda makroiqtisadi artıma və xarici investorların etimadına mənfi təsir göstərə bilər.
"Əgər uzunmüddətli hərbi münaqişə büdcə və ölkənin xarici iqtisadi göstəricilərinin ciddi surətdə pisləşməsinə gətirib çıxarsa, məsələn, büdcə xərcləri kəskin artsa, dollarlaşma səviyyəsi yüksəlsə və dollar depozitlərinin banklardan axını baş versə, biz Azərbaycanın reytinqini azalda da bilərik» - deyə «S&P»nin relizində bildirilir.
Eyni zamanda Agentlik istisna etmir ki, bəzi göstəricilər yaxşılaşdıqdan sonra reytinqlər üzrə proqnoz «mənfi»dən «sabit»ə dəyişdiriləcək.
«Azərbaycan maliyyə, tədiyə balansı və artım göstəricilərin üzərindəki mənfi təsirlərin qarşısını alaraq, hərbi münaqişə və uzunmüddətli qeyri-müəyyənlikləri azaltdıqdan sonra, kredit reytinqi üzrə proqnoz «sabit»ə yüksələ bilər», -«S&P Global Ratings» bəyan edib.
Qeyd edək ki, agentlik Azərbaycanın kredit reytinqinə növbəti dəfə 2021-ci ilin yanvar ayında baxacaq.