"Biz proqnozlaşdırırıq ki, Azərbaycan manatın məzənnəsini sabit saxlamağa davam edəcək".
Beynəlxalq reytinq agentliyindən dollar/manat məzənnəsi ilə bağlı - PROQNOZ
FED.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinq qiymətləndirməsində bildirib.
Agentlik 2028-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını müəyyən edib. Qeyd edilib ki, məzənnənin 1,7 AZN səviyyəsində saxlanılması üçün hökumət valyuta bazarına müntəzəm müdaxilələr edəcək. Bununla belə, əgər hidrokarbon qiymətləri kəskin şəkildə düşərsə və uzun müddət aşağı səviyyədə qalarsa, hökumət Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının əhəmiyyətli azalmasının qarşısını almaq üçün mübadilə məzənnəsini tənzimləməyi düşünəcək.
S&P qeyd edib ki, manatın ABŞ dollarına “bərkidilməsi” daha çox proqnozlaşdırıla bilənlik təklif edir, lakin Mərkəzi Bankı müstəqil pul siyasəti aparmaq imkanından məhrum edir. Bununla belə, AMB-nin hələ də pul siyasəti ilə bağlı məhdud əməliyyat müstəqilliyi var.
“Daxili depozit dollarlaşması, pandemiyadan əvvəlki 55%-dən 2024-cü ilin oktyabrında 34%-ə qədər azalıb. Manatda yığımların daha cəlbedici olmasını isə milli valyuta depozitlərinə yüksək orta faiz dərəcəsi (8.7%, xarici valyuta depozitləri üçün 2.9% ilə müqayisədə), sabit məzənnə və büdcədən yuxarı neft qiymətləri ilə əlaqələndiririk”- S&P əlavə edib. (Apa)