Pandemiyanın başladığı dönəm olan 2020-ci ildə aşağı gəlirli ölkələrin xarici borcu rekord templə - 12% artıb.
Eləcə də bax: Azərbaycan 2025-ci ilədək dövlət borcunun - ÜDM-nin 20%-dək Azaldılmasını Hədəfləyir
FED.az xəbər verir ki, Dünya Bankının dünən dərc etdiyi “Beynəlxalq Borc Statistikası 2022” hesabatında ən yoxsul ölkələrin borcunun 860 milyard dollara çatdığını bildirilib.
Aşağı və orta gəlirli ölkələrin ümumi borcu 2020-ci ildə 5,6% artaraq, 8,7 trilyon dollar təşkil edib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu xətti ilə orta və aşağı gəlirli ölkələrə pandemiya ilə mübarizə üçün xalis maliyyə axını son 10 ildə ən yüksək göstərici - 117 milyard dollar olub. Bu ölkələr qrupunun 2020-ci ildə buraxdığı 457 milyard dollarlıq istiqrazların yarısı Çinin payına düşüb.
Ümumiyyətlə, orta və aşağı gəlirli ölkələr qrupuna 2020-ci ildə xalis maliyyə axını 909 milyard dollar təşkil edib. Bunun 435 milyard dolları kreditlər (9% artım, 2019-cu ildə 400 milyard dollar), 473 milyard dolları kapital axınlarıdır (15% azalma, 2019-cu ildə 554 milyard dollar). Birbaşa xarici investisiyalar 14% azalaraq, son 10 ildə ən aşağı səviyyəyə düşüb - 435 milyard dollar.
Çin həm ən iri resipiyent, həm də ən böyük donordur...
Orta-aşağı gəlirli ölkələr qrupundakı bütün maliyyə axınlarının yarısı Çinin payına düşür - 466 milyard dollar (33% artım). Çin 2020-ci ildə 233 milyard dollar kredit (62% artım), bir o qədər də kapital (12% artım) cəlb edib. Asiyanın ən iri iqtisadiyyatı həm də yoxsul ölkələrə iri həcmdə borc verib. 2020-ci ildə orta-aşağı gəlirli ölkələr qrupunun Çinə cəmi borcu 170 milyard dollar təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 3 dəfə çoxdur...
Azərbaycanda vəziyyət necədir?
Dünya Bankının hesabatına əsasən, Azərbaycanın xarici borcu son 10 ildə ikiqat artıb. 2010-cu ildə bütün mənbələrdən cəlb edilən xarici borcun həcmi 7 milyard 251 milyon dollar idisə, 2020-ci ilin sonuna bu rəqəm 15 milyard 812 milyon dollar təşkil edib. Ölkənin uzunmüddətli borc öhdəlikləri 15 milyard 139 milyon dollardır. Dövlət zəmanəti ilə götürülən borcların həcmi 14 milyard dollara çatıb.
Bu dövrdə ölkəyə birbaşa xarici investisiyaların axını kəskin azalıb. 2010-cu ildə 3,35 milyard dollar təşkil edən rəqəm 2020-ci ildə 507 milyon dollara düşüb. (Marja)