2020-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 901 mln. ABŞ dolları (1,531 mlrd. manat) təşkil edib.
Eləcə də bax: Rusiyadan ən çox Azərbaycana pul göndərilir – ORTA MƏBLƏĞ AÇIQLANDI
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatlarına görə, bu, 2019-cu illə müqayisədə 9,8% azdır. Hesabat ilində bir köçürmənin orta məbləği 341 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81%-i Rusiya rezidentləri tərəfindən göndərilib.
Qeyd edək ki, ümumi pul köçürmələrinin 33,1%-i (298,6 mln. dollar) ödəniş sistemləri vasitəsilə həyata keçirilib. Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (4,420 mlrd. dollar).
Azərbaycandan Rusiyaya pul köçürmələrinə gəldikdə, ötən il ölkədəki fiziki şəxslər tərəfindən Rusiyaya 156 mln. dollar (265,2 mln. manat)həcmində transfert həyata keçirilib. Bu, 2019-cu illə müqayisədə 11,9% azdır. Ölkədən Rusiyaya yönələn pul baratlarının 86,5%-i Rusiya rezidentlərinə göndərilib. Bir köçürmələrin orta məbləği 450 dollar təşkil edib.
Rusiyaya ümumi pul köçürmələrinin 31,8%-i (49,6 mln. dolları) yuxarıda göstərilən ödəniş sistemləri və vasitəçilərlə həyata keçirilib. (Apa)