Rusiyada dollar və avronun məzənnəsi sürətlə artmağa başlayıb.
Rusiyada dollar daha da - BAHALAŞDI
FED.az xəbər verir ki, bu gün Moskva Birjasında dolların məzənnəsi aprelin sonundan bəri ən yüksək həddə qalxaraq 70 rublu keçib.
Hərraclar başlayan kimi, dollar 1,3% bahalaşıb. Avronun məzənnəsi isə 1,2% bahalaşaraq 75 rublu keçib. Bu da aprel ayından bəri avronun ən yüksək göstəricisidir.
Xatırladaq ki, bir gün əvvəl dollar 69 rubl, evro isə 74 rubla yüksəlmişdi.
Dollar və avronun belə sürətli bahalaşması rusiyalı analitiklərin proqnozlarını alt-üst edib. Məsələ bundadır ki, hələ dekabrın əvvəlində Rusiyalı iqtisadçılar bildirirdilər neftə qiymət limiti və embarqo nəticəsində Rusiya dollar bahalaşacaq, amma 65 rublu keçməyəcək, avro isə 71 rubl olacaq.
Amma baş verən dəyişikliklər, sanksiyaların tədricən iqtisadiyyata təsiri, xüsusilə də Rusiyanın əsas gəlir mənbələrindən biri olan neft satışına embarqo və qiymət limiti özünü göstərib.
Belə kİ, son məlumatlara görə, G7 ölkələri və Avstraliya tərəfindən Rusiya neftinə 60 dollarlıq qiymət limiti və ixrac embarqosu tətbiq edildikdən sonrakı 1 tam həftə ərzində (12-16 dekabr) Rusiya neftinin ixacı 54% azalıb - embarqodan sonrakı həftə ərzində Rusiyaı neftinin ixracı 1,84 milyon barel azalaraq 1,6 milyon barelə düşüb.
Yeni proqnozlara görə isə dolların məzənnəsinin daha da artacağı və 80 rublu keçəcəyi gözlənilir.
Belə ki, Rusiyanın «Otkrıtie» bankın idarə heyətinin sədri Mixail Zadornov bildirib ki, hazırda tədiyyə balansının vəziyyəti Rusiyada dollar və avronun məzənnəsinin 75 rubl ətrafında saxlamağa imkan verir. Amma dünya iqtisadiyyatında tənəzzül baş versə və neftin qiyməti 40-45 dollara ensə, dolların məzənnəsi 80-85 rubla yüksələ bilər.
Qeyd edək ki, dünya iqtisadiyyatında tənəzzül baş verməsə belə, Rusiya neftinə tətbiq edilən embarqo və qiymət limiti neftin qiymətinin həmin hədlərə enməsinə səbəb ola bilər.
Belə ki, son məlumatlara görə, Rusiya neftinin ən böyük alıcısı olan Hindistan Rusiya neftini böyük endirimlə almağa başlayıb.