Xəbər verildiyi kimi, Azərbaycanda bir sıra banklar və «Azərpoçt» dövlət müəssisəsi rus rublu ilə pul köçürmələrində məhdudiyyət tətbiq ediblər.
Eləcə də bax: Azərbaycanda hansı banklar Rusiyadan pul köçürmələrini qəbul edir? - SİYAHI
FED.az xəbər verir ki, sözügedən təşkilatlar rublu köçürmək üçün nağd qəbul etməkdən imtina edir. Yalnız rublun manata, daha sonra rubla çevrilməsi şərtilə qəğbul edirlər. Bu isə göndərilən məbləğin təqribən 30%-nin itirilməsi ilə nəticələnir.
FED.az-ın bununla bağlı sorğısına cavab olaraq bildirilib ki, «Azərpoçt» MMC-nin kassa əməliyyatları zamanı əsas öhdəliyi yalnız milli valyutanın qəbul edilməsi və verilməsi ilə bağlıdır. Digər xarici valyutada nağd əməliyyatlar barəsində qərar vermə hüququnu isə özündə saxlayır. Bu proses əməliyyatların iqtisadi cəhətdən səmərəliliyinə əsaslanır.
Başqa sözlə cavabdan məlum olur ki, əməliyyatlar zamanı digər valyutaların qəbul edilib edilməməsinə «Azərpoçt» MMC özü qərar verir. «Hazırda müştərilərə qeyri-nağd rubl valyutası ilə əməliyyatlar təklif olunur ki, bu da onlara rublla olan pulköçürmələrini itkisiz şəkildə həyata keçirməyə imkan verir» - deyə cavabda bildirilir.
Hərçənd ki, Azərbaycanda rus rublunun alış-satış məzənnələri arasında fərqin böyük olduğunu nəzərə alanda köçürmə əməliyyatı valyuta dəyişməsi ilə müşayiət olunanda istinilən halda itki baş verir.
«Vətəndaşlarımızın işini asanlaşdırmaq üçün bildirək ki, hazırda “Azərpoçt” şöbələrində “Western Union”, “Ucuz Para Transferi”, “Zolotoya Korona”, STEFI kimi beynəlxalq sistemlər vasitəsilə dünyanın istənilən istiqamətinə pulköçürmələri təmin olunur»-deyə MMC-dən bildirilir.