Region valyutaları dəyər itirməkdədir. Son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18,7 faiz, Rusiya rublu 5,9 faiz, Gürcüstan larisi 3,1 faiz, Qazaxıstan təngəsi isə 1,2 faiz ucuzlaşıb. ABŞ valyutasının qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür.
Türkiyə Mərkəzi Bankı - NƏ ETMƏK İSTƏYİR?
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur. Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görünsə də, rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür. Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır.
Tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin 5 ayında 5,1 faiz möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur.
“Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”, - deyə V.Bayramov qeyd edib.