2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 154 yeni iş yerinin açılması imkanı yaranıb. Orta kredit məbləği 59,2 min manat təşkil edib, orta kredit müddəti isə 3,8 il olub.
FED.az xəbər verir ki, bu barədə 17 yanvar tarixində Sahibkarlığın İnkişafı Fondu tərəfindən keçirilən mətbuat konfransında fondun idarə heyətinin sədri Osman Xaliyev bildirib.
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu 194 milyon manat - GÜZƏŞTLİ KREDİT VERİB
2022-ci ildə isə fond tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2 726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat milyon manat güzəştli kredit ayrılıb. Ayrılan kreditlər hesabına isə 3 026 yeni iş yeri açılıb. Orta kredit məbləği 53,5 min manat , orta kredit müddəti isə 4,2 il olub.
Ümumilikdə 2023-cü il ərzində güzəştli kreditlərin maliyyələşməsi üzrə proqnoz 150 milyon manat olub və proqnoz 129,2% icra edilib.
Verilmiş kreditlərin sahələr üzrə bölgüsünə gəlincə kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye, məhsullarının istehsalı və emalı, 5,5-%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
Ötən il SİF tərəfindən verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kreditin məbləği üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.