Fondun İdarə Heyətinin sədri Osman Xaliyev ötən il görülən işlər barədə təqdimatla çıxış edib və bu il həyata keçiriləcək tədbirlər barədə mətbuat nümayəndələrini məlumatlandırıb.
“Bu ildən sahibkarlar yeni istiqamətlər üzrə də güzəştli kredit ala biləcəklər”- MÜSAHİBƏ
FED.az xəbər verir ki, yanvarın 17-də Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2023-cü il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.
Fondun İdarə Heyətinin sədri Osman Xaliyev ötən il görülən işlər barədə təqdimatla çıxış edib və bu il həyata keçiriləcək tədbirlər barədə mətbuat nümayəndələrini məlumatlandırıb.
Bildirilib ki, 2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5-%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
2023-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara SİF tərəfindən güzəştli kreditlərin verilməsinə başlanılıb. Beləliklə, muxtar respublika ərazisində fəaliyyət göstərən 27 sahibkar ümumilikdə 2,2 milyon manat güzəştli kreditdən yararlanıb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 4 layihəyə güzəştli kredit ayrılıb. Bu layihələrə ayrılmış güzəştli kreditlərin ümumi məbləği 11,5 milyon manat olub.
Ötən il verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,8%-i, kreditin məbləği üzrə isə 91,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.
Pandemiyadan zərər çəkmiş sahibkarlara verilmiş dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi 2023-cü ildə də davam etdirilib. Ümumilikdə, dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək 52 milyon manat ödənilib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilməsi davam etdirilib. Proqram çərçivəsində 31 dekabr 2023-cü il tarixinə kredit qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciətə 73,3 milyon manat faiz subsidiyası ödənilib.
Ötən il ərzində Fondun təşəbbüsü ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması, regionlarda sahibkarların maarifləndirilməsi, qadın və gənc sahibkarların dəstəklənməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb.
Tədbirdə Fondun 2024-cü il üzrə güzəştli kredit mexanizmi ilə bağlı prioritet istiqamətləri açıqlanıb. Həmçinin bu il icrasına başlanılacaq “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi ilə bağlı hədəf və prioritetlər barədə ətraflı məlumat verilib.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.