"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi”nin yaradılması ilə bağlı qərar dövlət başçısının çağırış və tövsiyələrinin məntiqindən irəli gəlir".
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər - AÇIQLANIB
FED.az xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Sahibkarlığın İnkişafı Fondunun işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların layihələrini zəmanət və subsidiya ilə dəstəkləməsini şərh edərkən belə deyib. Onun fikrincə, hökumət bununla özəl sektorun işğaldan azad edilmiş torpaqlarımızdakı genişmiqyaslı quruculuq və bərpa işlərində iştirakını həm stimullaşdırır, həm də təşviq edir: Bu, olduqca mütərəqqi və zamanla uzlaşan bir addımdır. Prezident İlham Əliyev çıxışlarında hər zaman özəl biznesi, milli sahibkarlığı Qarabağ və Şərqi Zəngəzurun bərpası layihələrində iştiraka səsləyir. Artıq Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
Milli sahibkarlıq belə layihələrdə nə qədər fəal olarsa, bundan hamı udar –
həm dövlət, həm özəl sektor, həm orada çalışan işçi qüvvəsi,
həm də, təbii ki, o torpaqlara qayıdacaq vətəndaşlarımız
Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. Bu baxımdan, həmin qərar dövlət başçısının çağırış və tövsiyələrinin məntiqi nəticəsidir. Milli sahibkarlıq belə layihələrdə nə qədər fəal olarsa, bundan hamı udar – həm dövlət, həm özəl sektor, həm orada çalışan işçi qüvvəsi, həm də, təbii ki, o torpaqlara qayıdacaq vətəndaşlarımız. Yəni bu qərarın olduqca geniş diapazonlu pozitiv nəticələri olacaq. Hətta deyim ki, bu, bir iqtisadi addım olsa da, ciddi mənəvi mahiyyət daşıyır. Çünki ilk növbədə 30 il ərzində viran qoyulmuş torpaqlarımızın bərpasına, quruculuq işlərinin sürətlənməsinə yönəlib”.
E.Allahverdiyev bu kontekstdə daha bir məqama toxunub. Onun sözlərinə görə, Azərbaycan həm maliyyə, həm işçi qüvvəsi baxımından bütün bərpa-quruculuq işlərini öz gücü və imkanları hesabına həyata keçirir. Bu prosesdə özəl sektorun iştirakı olduqca vacibdir: “Biz bütün dünyaya bu imkan və bacarıqlarımızı nümayiş etdiririk. İşçi qüvvəsi var, işi icra edən milli sahibkarlıq var, onlara dəstək və təminat verən dövlət var. Bütün bunlar hökumətin illər ərzində həyata keçirdiyi məqsədyönlü və savadlı iqtisadi siyasətin, islahatların nəticəsidir. Dövlət bütün bu prosesin baş sponsorudur, bu, bizim üçün olduqca vacib amildir ki, gələcəkdə kiməsə kredit qaytarmayaq, yaxud kimdənsə asılı olmayaq”.
Pandemiya dövründə maliyyə itkiləri olan sahibkarlara dəstək, postpandemiya
dövründə milli iqtisadiyyatın bərpası istiqamətində həyata keçirilən islahatlar
paketi bu qəbildən olan addımlardır və bu gün özünün real nəticələrini göstərir
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizminin həmin ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirildiyini deyən millət vəkili dövlətin özəl sektorun inkişafında maraqlı olduğunu vurğulayıb:
“Pandemiya dövründə maliyyə itkiləri olan sahibkarlara dəstək, postpandemiya dövründə milli iqtisadiyyatın bərpası istiqamətində həyata keçirilən islahatlar paketi bu qəbildən olan addımlardır və bu gün özünün real nəticələrini göstərir. Düşünürəm ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizminin daha uzaqgörən nəticələri də olacaq. Məsələn, azad edilmiş torpaqlarda yaradılan istehsal sahələrinin məşğulluq kimi problemin həllindəki rolu, yaxud büdcəyə vergi daxilolmalarının həcmindəki payı, ümumilikdə bölgənin iqtisadi məkanımıza reinteqrasiya prosesinin sürətləndirilməsi istiqamətindəki əhəmiyyəti. Biz Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bu kimi məsələləri tez-tez müzakirə edirik, özəl biznes təmsilçiləri ilə görüşlərimiz olur, milli biznesin qarşılaşdıqları çətinliklərlə tanış oluruq, onların istəklərini dinləyirik. Birmənalı şəkildə deyə bilərəm ki, bu, olduqca mühüm qərardır və mən millət vəkili olaraq onu dəstəkləyirəm”. (Vergilər.az)