İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
FED.az xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunda “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” üzrə "Elektron kredit və zəmanət” informasiya sisteminin təqdimatı keçirilib.
Fondun İdarə Heyətinin sədri Osman Xaliyev bildirib ki, fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Belə ki, sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
Mexanizm çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir. Mexanizm həmin ərazilərdə qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub.