"Rəqəmlər, kommersiya banklarının hər bir vətəndaşa 12 ay müddətində 20 min manat ekvivalentinədək (11 750 dollar – red) xarici valyuta satılması qaydasının xarici valytaya tələbi məhdudlaşdırdığı barədə iddiaları təsdiqləmir".
Taleh Kazımov: "Cari əməliyyatlar balansının profisiti bu il 10 mlrd. dollar təşkil edəcək"
FED.az xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Bu il xarici valyutaya təklifin tələbi üstələməsi Azərbaycan manatına artan inam, cari əməliyyatlar balansının profisitli olması, daxil olan pul baratlarının artması ilə əlaqədardır. Banklar tərəfindən çirkli pulların yuyulması ilə mübaizə çərçivəsində tətbiq edilən 20 min manat ekvivalentinədək xarici valyuta alışı qaydasının xarici valyutaya tələbi azaltdığı barədə iddialar ilə razı deyilik. İstənilən vətəndaş vəsaitin mənbəsini göstərməklə 20 min manat ekvivalentindən də yüksək məbləğdə xarici valyuta ala bilər. Bankların valyuta alışı üzrə qaydalarının əhalinin dollar alışını məhdudlaşdırdığını rəqəmlər təsdiqləmir".
Mərkəzi Bankın sədri əlavə edib ki, bu il bankların cəmi valyuta alışı satışını 100 milyon üstələyib. Başqa sözlə, əhali dolları almaqdan daha çox satır.
Xəbər verdiyimiz kimi, profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələmişdir. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247.9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olmuşdur. (Marja)