Azərbaycanda planlaşdırılan İslam bankçılığı "pəncərələri" banklar üçün yeni gəlir mənbələri açacaq.
FED.az xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyi bildirir.
Azərbaycan Mərkəzi Bankı ("Baa3", "müsbət" proqnoz) 2026-cı ildən İslam bankçılığı məhsullarının tətbiq ediləcəyini elan edib.
Agentliyin məlumatına görə, hakimiyyət orqanları ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər hazırlayır. Buraya Mülki Məcəlləyə, "Banklar haqqında" qanuna və Vergi Məcəlləsinə dəyişikliklər daxildir. Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir.
Müvafiq normativ baza yaradıldıqdan sonra ənənəvi banklar "İslam pəncərələri" adlanan vasitələrlə İslam bankçılığı xidmətləri təklif edə biləcəklər.
"İlkin məqsəd - bazarı şəriət normalarına uyğun məhsullarla tanış etmək və onların daha geniş tətbiqi üçün zəmin yaratmaqdır. Mərkəzi Bank işə salınma prosesini nəzarətdə saxlayacaq. Təklif olunan dəyişikliklər kredit qabiliyyəti baxımından müsbətdir, çünki onlar bankların mənfəətliliyini artıracaq, maliyyələşdirmə və likvidlik göstəricilərini yaxşılaşdıracaq", - "Moody's"in hesabatında qeyd olunur.
Hesabatın müəllifləri qeyd edirlər ki, "İslam pəncərələri"nin tətbiqi Azərbaycan banklarına bazarın az əhatə olunan seqmentinə çıxış imkanı verəcək: "Sukuk buraxılışı üçün çərçivələrin yaradılması isə İslam maliyyə institutlarından vəsait cəlb etməyə imkan yaradacaq. Bu, likvidliyi gücləndirəcək və onun idarə edilməsi üçün yeni alətlər təqdim edəcək. Bundan əlavə, şəriətə uyğun məhsulların təklifi banklara əlavə gəlir mənbələri təmin edəcək".
Agentliyin məlumatlarına görə, hazırda Azərbaycanda tamamilə İslam prinsipləri ilə fəaliyyət göstərən bank və ya "İslam pəncərəsi" yoxdur. Ancaq ölkə əhalisinin 97 faizi İslam dininə etiqad edir.
Hesabat müəlliflərinin fikrincə, zəruri normativ bazanın olmaması tarixən İslam bankçılığının inkişafını ləngidib: "Artım perspektivləri yüksək qalsa da, əməliyyat və bir sıra maneələr bu alətlərin tətbiqini yavaşlada bilər".
"Moody's" qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı ("Ba1", "sabit" proqnoz) artıq İslam bankçılığı xidmətlərinin tətbiqinə cəhd edib: "2013-cü ildə kiçik və orta biznes, eləcə də pərakəndə müştərilərə xidmət göstərmək üçün İslam bankçılığı departamentini açılmışdı, lakin layihə 2015-ci ildə bağlanmışdı".
Hesabatda bildirilib ki, əgər hazırkı plan həyata keçirilərsə, ölkədə yalnız şəriət normalarına uyğun fəaliyyət göstərən banklar yaradıla, eləcə də kiçik və orta biznesin dəstəklənməsi və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün sukuk buraxılışı mümkün ola bilər.
"Moody's" qeyd edir ki, Azərbaycanın bu addımı İslam maliyyəsi istiqamətində daha geniş regional trendi əks etdirir. Bundan əlavə hesabata görə, Mərkəzi Asiyanın digər ölkələrinin təcrübəsi göstərir ki, tam şəkildə həyata keçirmə ehtimal olunandan daha çox vaxt ala bilər, lakin beynəlxalq İslam maliyyə institutları ilə əməkdaşlıq bu prosesi sürətləndirməlidir". (Report)