“Onlayn bank platforması ilə “Mobil notariat” tətbiqinin inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək”.
Eləcə də bax: Azərbaycanda bankda onlayn notariat hərəkətləri həyata keçirmək - MÜMKÜN OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi və “PAŞA Bank” ASC-nin tərəfdaşlığı ilə notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin onlayn bankda tətbiqi layihəsinin təqdimat mərasimində Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə bildirib.
O, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətində müasir texnologiyaların, o cümlədən əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətlərinin tətbiqindən danışıb.
"Bu istiqamətdə görülən tədbirlər çərçivəsində ölkədə iqtisadi proseslərin tənzimlənməsində əhəmiyyətli rolu olan, cəmiyyətdə xüsusi nüfuza və çoxsaylı müştəri auditoriyasına malik “PAŞA Bank”ın onlayn bank platforması ilə “Mobil notariat” tətbiqinin inteqrasiyası dövlət – özəl tərəfdaşlığın nümunəsi olaraq ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına xüsusi töhfə verəcək”, - deyə, A.Səməd-zadə bildirib.
Tədbirdə çıxış edən “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov bu texnoloji həllin ilkin mərhələdə müştərilərlə imzalanmış Ümumi Şərtlər Toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq olunacağını bildirib. O qeyd edib ki, bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək.