"Azərbaycanda İslam maliyyəsi və şəriətə uyğun bankçılıq məhsullarının tətbiqi istiqamətində addımlar atılarkən, əhalinin bu sahəyə olan real yanaşmasını öyrənmək məqsədilə genişmiqyaslı araşdırma aparılıb. Ölkənin 14 iqtisadi zonasını əhatə edən və 400 ev təsərrüfatı nümayəndəsi arasında keçirilən sorğu diqqətçəkən məqamları və ciddi bir potensialı üzə çıxarıb".
Azərbaycanda kapital bazarları və icbari sığorta ilə bağlı yeni qanun layihələri hazırlanır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin təqdimat mərasiminə “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.
Sədr qeyd edib ki sorğu çərçivəsində vətəndaşlara "Ümumiyyətlə, sizə bu cür (faizsiz, şəriətə uyğun) maliyyə xidməti təklif olunsa, maraqlı olarmı?" sualı ünvanlanıb:
"Cavabları təhlil edərkən məlum olub ki, respondentlərin 85%-nə yaxını bu sahəyə birbaşa maraq göstərir. Rəyi soruşulanların bir qismi bu növ xidmətləri "çox maraqlı", digər qismi isə "qismən maraqlı" kimi qiymətləndirib".
Ruslan Atakişiyev bildirib ki, əhalinin marağı yüksək olsa da, burada ciddi bir problem var:
"Məlumatlıq səviyyəsinin aşağı olması və ya məlumatların yanlışlığı burada ciddi problemlər yaradır. Bizdə "İslam maliyyəsi" deyiləndə və ya İslamla bağlı hər hansı bir iqtisadi anlayış görəndə, insanların ağlına ilk növbədə xeyriyyəçilik (sədəqə, yardım) düşüncəsi gəlir. Çox vaxt insanlar elə zənn edirlər ki, bu sistemdə pul qazanmaq olmaz və ya burada heç kim qazanc güdmür. Həqiqət isə tamamilə fərqlidir. Müsəlman dünyasında əsrlər boyu pul qazanmaq, varlanmaq və ticarətlə məşğul olmaq şəriət əsasında tənzimlənib və tamamilə halal buyurulub".
"İslam maliyyəsi dediyimiz zaman bura bir xeyriyyə müəssisəsi kimi yox, insanların qanuni və halal yollarla pul qazandığı, varlandığı bir iqtisadi model kimi baxmalıyıq. Sadəcə, buradakı əsas şərt varlanarkən Allahın rızasını qazanmaqdır", - deyə o, əlavə edib.
İctimai Birliyin sədrinin sözlərinə görə, araşdırma zamanı məlum olub ki, islam maliyyə məhsullarına kişilərin marağı qadınlara nisbətən daha yüksəkdir:
"Xüsusilə də iş adamları və sahibkarlar bu sistemlə daha çox maraqlanırlar. Qadınlar arasında isə maraq hələ ki qisməndir".
"Araşdırmada maraqlı bir qanunauyğunluq üzə çıxdı ki, insanların gəliri aşağı düşdükcə onların İslam maliyyəsinə marağı azalır. Əksinə, insanlar varlandıqca, maddi imkanları artdıqca şəriətə uyğun maliyyə məhsullarına maraqları daha da çoxalır.
Biz araşdırmamızda demək olar ki, bütün İslam maliyyə məhsullarını (təkabül, mikro-maliyyələşdirmə və s.) qeyd etmişdik. Bu, çox böyük bir tədqiqat işidir", - Ruslan Atakişiyev bildirib.














