"Azərsu" ASC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“Azərsu”ya 209,5 milyon manat - Dövlət İnvestisiyaları Ayrılacaq
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə "Azərsu" ASC 180 milyon 514 min manat xalis zərər açıqlayıb. 2021-ci ildə şirkət 552 milyon 230 min manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə şirkətin satış gəlirləri 6% artaraq 278 milyon 894 min manata, satışın maya dəyəri 4.3% artaraq 134 milyon 225 min manata bərabər olub. 2022-ci ildə şirkətin cəmi gəlirləri 290 milyon 993 min manat(illik müqayisədə 4.7% az), cəmi xərcləri 471 milyon 507 min manat (illik müqayisədə 45% az) təşkil edib. Beləliklə cəmi xərclər cəmi gəlirləri üstələdiyinə görə şirkət ötən ilidə zərərlə bitirib.
Şirkətin cəmi aktivləri 2022-ci ildə 27% və ya 276.3 milyon manat artaraq 1 milyard 298 milyon manata, cəmi öhdəlikləri isə 15.6% və ya 90.4 milyon manat artaraq 668.8 milyon manata yüksəlib.
Ötən il şirkətin yığılmış zərəri 8 milyard 36,2 milyon manata çatıb. 2023-cü ilin yanvar ayının 1-nə "Azərsu" ASC-nin cəmi kapitalı əvvəlki illə müqayisədə 42% artaraq 629 milyon 124 min manat olub.
Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb. "Azərsu" ASC suyun mənbələrdən götürülməsi, emalı, nəqli, anbarlanması və paylanmasını təşkil edir, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edir və onlara kanalizasiya xidmətləri göstərir, tulantı suların toplanması, nəqli, emalı və kənarlaşdırılmasını həyata keçirir. Şirkət içməli və tullantı su sistemlərinin layihələndirilməsi, inşası, istismarı və onlara texniki xidmətlərin göstərilməsini təmin edir. (Apa)