Azərbaycanın bank sektorunda vəziyyət sabitdir, banklar COVID-19 infeksiyası ilə bağlı mənfi nəticələri aradan qaldırıblar.
Eləcə də bax: Azərbaycanın valyuta ehtiyatları 2 milyard dollardan çox - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
“Dinamika göstərir ki, bank mühiti sağlamdır, pandemiyadan yaxşı çıxıb. Sektorda vəziyyəti əsasən sistemdən çıxardığımız banklar (lisenziyaları 2020-ci ilin yazında geri çağırılan 4 bank -İF) korlayıb. Ümumilikdə, bank sisteminin qalan hissəsi normal vəziyyətdə olub”, - deyə E. Rüstəmov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda bank sistemi üzrə kapital adekvatlığı Mərkəzi Bankın normativ tələblərini 2 dəfə üstələyir.
E.Rüstəmov vurğulayıb ki, cari vəziyyəti nəzərə alaraq, AMB bank sektoruna bəzi dəstək tədbirlərdən tədricən imtina edib. “Təkcə vəziyyəti nəzarətdə saxlamağa xidmət edən yumşalmaları saxlamışıq. Bütövlükdə, dinamika müsbətdir, bank sektoru (biznes, ipoteka və istehlak kreditləri) inkişaf edir. Bu onu göstərir ki, bank sektoru özünü kifayət qədər yaxşı hiss edir”, - deyə AMB sədri əlavə edib.
Xəbər verildiyi kimi, 2021-ci ilin 8 ayı ərzində Azərbaycanın bank sisteminin ümumi aktivləri 4,3%, kredit portfeli 7,4%, ümumi xalis mənfəəti 4% artıb.