Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov 2021-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabı üzrə yaxşı nəticələr gözləyir.
Eləcə də bax: AMB 2021-ci il üçün inflyasiya proqnozlarını - YENİLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, “İlin birinci yarısının yekunları üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8%-ni təşkil edib. Tədiyə balansının göstəricilərinə, əsasən neft amili təsir edir. Ancaq gördüyünüz kimi, neftin qiyməti bahalaşır. Buna görə də biz çox yaxşı nəticələr gözləyirik”, - deyə Elman Rüstəmov bu gün bildirib.
Bununla belə, o, cari əməliyyatlar hesabının profisitinin necə ola biləcəyini dəqiqləşdirməyib.
E. Rüstəmov əlavə edib ki, ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları $2 milyarddan çox artıb. “Düşünürəm ki, bu trend ilin sonuna qədər davam edəcək”, - deyə AMB sədri əlavə edib.
Xəbər verildiyi kimi, 2021-ci ilin I yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 milyard 878,4 milyon təşkil edib və ötən ilin analoji dövrünün göstəricisini 3,1 dəfə üstələyib. Mərkəzi Bankın saytında dərc edilmiş tədiyə balansına əsasən, 2021-ci ilin birinci yarısında neft-qaz sektoru üzrə profisit $4,6 milyard (artım 40,7%), qeyri-neft sektoru üzrə kəsir $2,7 milyard (artım 1,8%) təşkil edib.
2021-ci ilin yanvar-iyun aylarında neftin bir barelinin orta qiyməti $57,7 (bir il əvvəl $41,8) təşkil edib.
E.Rüstəmov daha əvvəl bildirmişdi ki, 2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti neftin orta qiyməti $65 olmaqla $3 milyardı ötəcək.
2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $227,6 milyon və ya ÜDM-in 0,5%-ni (2019-cu ildə $4 milyard 364,9 milyon məbləğində profisitə qarşı) təşkil edib. Kəsir neftin qiymətinin daha ucuz olması (2020-ci ildə neftin orta qiyməti $41, 2019-cu ildə $64 təşkil edib) və OPEC+ razılaşması çərçivəsində ixracın həcminin azalması ilə əlaqədar olub.