Koronavirusa qarşı ABŞ-ın “Pfizer İnc.” və Almaniyanın “BioNTech” şirkətləri tərəfindən hazırlanmış yeni dərmanın sınaqlarda 90 faizdən artıq səmərəli olmasına dair xəbərlərin təsirilə qızılın son 3 ayda ən kəskin ucuzlaşması baş verdi.
Eləcə də bax: Qlobal mərkəzi banklar son 10 ildə ilk dəfə aldıqlarından çox qızıl satıb
FED.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) ötən gün Bakı vaxtı ilə saat 20:40-a olan vəziyyətə görə qızılın dekabr fyuçersləri 5,1 faiz ucuzlaşaraq 1852,8 ABŞ dollardan satılıb. Ötən həftə isə qızıl son üç ayda ən yüksək sürətlə bahalaşmışdı.
Həmçinin ötən həftə avqust ayının əvvəlindən bu yana ən yüksək göstərici olan 8,5 faiz bahalaşan gümüşün dekabr fyuçersləri də 7,2 faiz ucuzlaşaraq 23,815 ABŞ dollarından satılıb. Palladiumun dekabr fyuçersləri 0,95 faiz ucuzlaşaraq 2476,3 ABŞ dollarından, platinin yanvar fyuçersləri də 4,8 faiz ucuzlaşaraq 856,1 ABŞ dollarından satılıb.
Bununla yanaşı, 10 illik dövlət istiqrazlarının gəlirliyi cümə günü 0,821 faizə qarşı 0,951 faizədək, dünyanın 6 başlıca valyutasına qarşı ABŞ dollarının məzənnəsini əks etdirən “İCE Dollar” indeksi də ötən günə nisbətən 0,66 faiz artıb. (Report)