2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən işğaldan azad edilmiş ərazilərdəki sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib.
FED.az bu barədə SİF-ə istinadən xəbər verir.
Məlumata görə, bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.
Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.
“Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 % bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.”- SİF-in məlumatında deyilir.