Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub. FED.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidməti Elşən Allahverdiyevdən verilən məlumata görə, 13 may 2019-cu il tarixinə qadər artıq 506 min vətəndaşa ödənişlər təmin edilmişdir ki, bu da planın 84%-nin icra edildiyinin göstəricisidir. Edilmiş kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlmiş və 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunmuşdur.
Eləcə də bax: “PSG Kapital”dan “BTB Kapitala” transfer olub
Əlavə olaraq bildiririk ki, artıq Apellyasiya Komissiyasına edilmiş müraciətlərə araşdırmaların nəticələrinə müvafiq olaraq cavabların verilməsi prosesinə start verilmişdir. Bundan sonra vətəndaşlar apellyasiya komissiyasına müraciət üçün yaradılmış xüsusi portalda özləri üçün yaratdığı şəxsi kabinetlərindən izləyə bilərlər. Hər bir vətəndaşın müraciəti 30 iş günü müddətində cavablandırılır.
Problemli kreditlərin həlli ilə bağlı kompensasiya ödənişlərinin 84%-i icra olunub
15:20
14 May 2019