Bu ilin altı ayında ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.2 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.4 milyard dollar profisit olub.
I yarımillikdə Azərbaycana pul köçürmələri - 1,8 DƏFƏ AZALIB
Azərbaycan Mərkəzi Bankından FED.az-a bildirilib ki, nəticədə ilkin gəlirlər balansında kəsir 31.5 faiz azalaraq 1.8 milyard dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.5 milyard dollar olub. Bunun 76 faizi 2.7 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2.1 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (161.6 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (232.1 milyon dollar) və digər ödənişlər (142.8 milyon dollar) təşkil edib.
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.3 milyard dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 937.3 milyon dollar, ödənişlər isə 340.2 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 95 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.1 faizini ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 0.9 faizini isə digər daxilolmalar təşkil edir.
Ölkəyə göndərilən pul baratlarının həcmi 44.5 faiz azalaraq 890.7 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 15.3 faiz azalaraq 254.7 milyon olub. Nəticədə pul baratları üzrə 636 milyon dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 597.1 milyon dollar (2.2 dəfə azalma) təşkil edib.