Azərbaycanda istismarda olan ödəmə terminalları yeni əsginasların qəbuluna uyğunlaşdırılır.
Eləcə də bax: Bəzi terminallar yeni manatları qəbul etməyəcək – AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə "Komtec" ("MilliÖN" ödəmə terminallarının operatoru) şirkətindən bildirilib.
Qeyd olunub ki, yeni əsginaslar vasitəsilə "MilliÖN" ödəmə terminallarında xidmətlərin ödənişlərini aparmaq üçün artıq proqram təminatı yenilənir: "Yeniləmə işləri bitdikdən sonra əsginasların qəbulu mümkün olacaq".
Öz növbəsində, "eManat" terminallarının operatoru olan "Modenis" şirkətindən bildirilib ki, hazırda bu terminallarının bir çoxu artıq yeni əsginasların qəbuluna uyğunlaşdırılıb, digərlərinin isə üzərində işlər davam etdirilir: "Yaxın günlərdə prosesin başa çatacağı gözlənilir".
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib. Hazırda AMB tərəfindən yenilənmiş pul nişanlarının tədavülə buraxılmasına başlanılıb. (Apa)