Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
Kreditlə və ya nisyə mal satanlara - NƏZARƏT GÜCLƏNDİRİLİR... - VİDEO
FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 9-da keçirilən iclasında müzakirəyə çıxarılan “Kredit büroları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməlidirlər.
Bu tələb qəbul ediləcəyi təqdirə Qanunun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi səsvermədən sonra birinci oxunuşda qəbul edilib.