Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 mln. manat təşkil etmişdir.
Eləcə də bax: ARDNF bu il büdcəyə proqnozdan 20% az vəsait - TRANSFERT EDİB
FED.az xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 178,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 mln. manat, bonus ödənişləri 772,0 mln. manat, tranzit gəlirləri 16,5 mln. manat, akrhesabı ödənişlər 5,3 mln. manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 266,3 mln. manata bərabər olmuşdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 309,7 mln. manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 mln. manat yönəldilmişdir. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 mln. manat təşkil etmişdir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 990,6 mln. manat təşkil etmişdir.
2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 1,52% artaraq 44 226,4 mln. ABŞ dolları təşkil etmişdir.
Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır.