2025-ci ilin birinci yarımilində dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat təşkil edib. Bu, illik dövlət büdcəsi xərclərinin 41,3%-i deməkdir və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 43,5 milyon manat (6,5%) çoxdur.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Xərclərin strukturuna nəzər saldıqda, hesabat dövründə ən böyük pay cari xərclərə aid olub:
Cari xərclər: 10 milyard 571,3 milyon manat. Bu, yarımillik büdcə xərclərinin 61,8%-ni təşkil edir və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 737,1 milyon manat (7,5%) çoxdur.
Əsaslı xərclər: 5 milyard 496,8 milyon manat. Yarımillik büdcə xərclərinin 32,2%-i bu istiqamətə yönəldilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 549,2 milyon manat (11,1%) artım deməkdir.
Dövlət borcuna xidmətlə bağlı xərclər: 1 milyard 27,5 milyon manat. Yarımillik büdcə xərclərinin 6%-ni təşkil edən bu istiqamət üzrə xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə 242,8 milyon manat (19,1%) azalıb.