2025-ci ilin birinci yarımilində Azərbaycanın neft-qaz sektoru üzrə daxilolmaları 9 milyard 526,6 milyon manat təşkil edib. Bu, proqnozdan 247,8 milyon manat (2,7%) və 2024-cü ilin müvafiq dövründən 728,8 milyon manat (8,3%) çoxdur.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Neft-qaz sektoru üzrə daxilolmaların strukturu əsasən iki mənbədən formalaşıb:
-
Dövlət Neft Fondundan transfert: 7 milyard 240,5 milyon manat.
-
Vergi orqanlarının xətti ilə daxilolmalar: 2 milyard 286,1 milyon manat.
Vergi daxilolmalarının özü isə aşağıdakı kimi bölünüb:
-
"Şahdəniz" yatağı üzrə mənfəət vergisi: 1 milyard 203,9 milyon manat.
-
Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər: 897,6 milyon manat.
-
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) mənfəət vergisi: 184,6 milyon manat.