Ərzaq məhsullarının qiymətinin artmasını nəzərə alaraq, cari ilin dövlət büdcəsində dəyişikliklərin edilməsi çərçivəsində 193 mln. manat məbləğində vəsaitin ərzaq təhlükəsizliyi üzrə ehtiyatın yaradılması üçün ayrılması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bunun əsasında dövlət tərəfindən bu sahədə əlavə çevik tədbirlərin keçirilməsi nəzərdə tutulur.
"Hökumət tərəfindən Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, müəyyən antiinflyasiya tədbirləri hazırlanıb həyata keçirilməkdədir. Onların əksər hissəsi onunla bağlıdır ki, ilk növbədə Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud olan gömrük rüsum və müəyyən vergilərin aradan qaldırılmasıdır. Yəni bununla əlaqədar müvafiq qərarlar qəbul edilir. Bu qərarların icrası nəticəsində, hesab edirik ki, ən azı Azərbaycan hökumətinin payına düşən o məhsulların qiymətinin artımını aradan götürməklə, qiymətlərdə bir qədər azalma baş verəcək", - deyə Samir Şərifov qeyd edib. (Apa)