İyunun 14-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində peşəkar mühasib təşkilatları və aparıcı audit şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Maliyyə Nazirliyi: "Standard and Poor’s" Azərbaycana qarşı xəsislik edir"
FED.az xəbər verir ki, tədbirdə ölkədə fəaliyyət göstərən kommersiya təşkilatlarının baş mühasiblərinin Peşəkar Mühasib Sertifikatının (PMS) əldə edilməsi ilə bağlı müddətinin azalmasına diqqət çəkən maliyyə nazirinin müavini Azər Bayramov onların bilik və bacarıqlarının artırılması istiqamətində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş iştirakçıları mühasiblərin davamlı peşəkar inkişaf proqramları üzrə tələblərin qanunvericiliyə daxil edilməsinin zəruriliyi, Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirmə işlərinin artırılması, bu sahədə nəzarət mexanizminin müəyyənləşdirilməsi, PMS reyestr sisteminin təkmilləşdirilməsi, imtahanların mütəmadi olaraq dəqiq vaxt qrafiki ilə keçirilməsinin vacibliyi və s. məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.
Sonda görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, PMS ilə bağlı təbliğat işlərinin aparılması, mühasiblər üçün təlimlərin təşkili, ələlxüsus da regionlarda maariflənmə işlərinin aparılması layihələri dəstəklənməkdədir.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunadək paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, orta və iri sahibkarlıq subyektləri hesab edilən kommersiya təşkilatlarının baş mühasiblərinin peşəkar mühasib olması, habelə mühasibat uçotu xidmətini həyata keçirən təşkilatların ən azı iki peşəkar mühasiblə əmək müqaviləsinin olması zəruridir. Peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə onlara baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər cərimə edilir.