Cari ilin ilk rübündə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Rüb ərzində valyuta bazarında tarazlıq müşahidə edilib.
Eləcə də bax: Azərbaycana 214 mln. dollar məbləğində pul baratları - Göndərilib
FED.az Mərkəzi Bankın "Pul siyasəti icmalı"na istinadla xəbər verir ki, hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin azalması müşahidə edilib, bu da əsasən de-dollarlaşma meyilləri ilə izah edilir. 2021-ci ilin I rübündə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 24,5 faiz azalaraq 5,9 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,6 faizi ABŞ dollarında, 14,4 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 30,6 faizi banklararası valyuta bazarında (BVB), 69,4 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Rüb ərzində BVB-də əməliyyatların 99,5 faizi ABŞ dollarında, 0,5 faizi avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 4,1 milyard dollar ekvivalentində olub ki, bunun da 79,4 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 95.2 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 2 dəfə azalaraq 1,1 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 89 faizini ABŞ dollar ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta alqı-satqısı əməliyyatları əsasən yanvar ayına təsadüf edib. (Azərtac)