“Ticarət və xidmət sektorunda QR kodla ödənişlərin təklif edilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Bunu nağdsız ödənişlərin həcminin artırılması istiqamətində növbəti mərhələ də adlandırmaq mümkündür”.
Azərbaycan bankları ödənişlərdə "Az-QR" standartına keçəcək
FED.az xəbər verir ki, iqtisadçı ekspert, professor Elşad Məmmədovun fikrincə, bu yenilik biznesin işinin sürətlənməsinə, çeviklik və operativliyə xidmət edəcək. Digər tərəfdən, bu, sahibkarların xərclərinin azaldılması və optimallaşmasında müsbət rol oynayacaq.
“Bununla yanaşı, ödənişlərin QR kodlarla qəbul edilməsi bankların da xərclərini azaldacaq. Artıq bank sektoru mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək məqsədilə fundamental məsələlərin həllinə nail olmalıdır. Bu isə kreditlərin ucuzlaşması, faiz dərəcələrinin aşağı salınması, məqsədli kredit xətlərinin açılması, çoxşaxəli pul-kredit siyasətinin reallaşmasına əsaslanmalıdır. Düşünürəm ki, çoxşaxəli pul-kredit siyasəti hər bir sahədə mövcud olan rentabellik göstəricilərinə uyğun faiz dəhlizlərinin reallaşdırılmasına şərait yaratmalıdır. Bununla da kiçik və orta sahibkarlıq üzrə investisiyaların kəskin şəkildə artırılmasına, bu seqment tərəfindən bank sektorundan dayanıqlı, davamlı müsbət impulsların alınmasına nail olmaq mümkündür” – deyə E.Məmmədov əlavə edib.
Xatırladaq ki, ölkəmizdə "Az-QR" standartına keçidlə bağlı işlərə start verilib. Bu barədə məlumat verən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bəyan edib ki, bu ilin oktyabr ayının sonuna kimi bütün bankların bu standarta keçəcəyi gözlənilir. Onun sözlərinə görə, bundan sonra bütün ödəniş nöqtələrində istehlakçılara QR kodla ödənişlər təklif ediləcək. Mikro və kiçik sahibkarlar üçün bu, böyük bir üstünlükdür. Artıq onlar hansısa bank hesabına bağlı olan POS-terminalla deyil, QR kod vasitəsilə ödənişlərini qəbul edəcəklər. Bununla həm sahibkarların, həm də onlara xidmət edən bankların investisiya xərcləri azalacaq.
Qeyd edək ki, "Az-QR" standartının tətbiqi nağdsız ödənişlərin maya dəyərinin azaldılmasına imkan verəcək ki, bu da onun həcminin artmasına müsbət təsir göstərəcək.
Yeri gəlmişkən, bu ilin ilk 6 ayının nəticələrinə görə, ölkədə nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz artıb. Təkcə 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 milyon manat təşkil edib.
Nağdsız ödənişləri stimullaşdıracaq daha bir layihə isə ictimai nəqliyyatda ödənişlərin bütün növ bank kartları və QR kod vasitəsilə ödənilməsidir. Taleh Kazımov bu istqamətdə də aktiv iş aparıldığını vurğulayıb. Eyni zamanda Azərbaycanda POS-terminal vasitəsilə nağdlaşdırmanın mümkün olacağını bildirib. Artıq bir bank POS-terminal vasitəsilə nağdlaşdırmaya keçib. Bu da nağd əməliyyatların həcminin azalmasına dəstək olacaq. (Vergiler.az)