Ölkədə nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır.
FED.az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Oktyabr ayının sonuna qədər bütün bankların yeni sistemə inteqrasiyası üzərində iş aparılır. Bu istiqamətdə sahibkarlara məxsus bütün ticarət məntəqələrində istehlakçılar üçün QR vasitəsilə ödənişlər əlçatan olacaq," – deyə sədr qeyd edib.
Mərkəzi Bank rəhbəri əlavə edib ki, bu sahədə Dövlət Vergi Xidməti ilə birgə danışıqlar aparılır. Yeni sistemin tətbiqi həm sahibkarların, həm də bankların xərclərinin azalmasına gətirib çıxaracaq. Xüsusilə kiçik sahibkarlar üçün pos- terminalların quraşdırılması yüksək xərc tələb etdiyindən, QR ödənişlərin tətbiqi bu yükü azaldacaq. Sahibkaralara 500-600 dollar verib pos-terminal almaq kifayət qədər xərc yükünü artırır.
Nəticə etibarilə, həm istehsalçılar, həm də ödəniş qəbul edən sahibkarların əməliyyat xərcləri optimallaşacaq.