“Moody’s” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanın bank sektorunun aktivlərin gəlirliliyinin (ROA) 2-3 % səviyyəsində olacağını gözləyir.
“Moody's”: Manatın sabit məzənnəsi və sərt kredit tələbləri riskləri azaldır
Bu barədə FED.az agentliyə istinadən xəbər verir.
"2024-cü ildə bankların gəlirliliyi yaxşılaşıb, əsas gəlir mənbələri sabit xalis faiz marjaları, komissiya gəlirləri və ehtiyat xərclərinin azalması olub. Ancaq, 2025-ci ildə marjalara təzyiq etmək mümkündür. Çünki Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcələrini aşağı salması aktivlərin gəlirliliyinin azalmasına səbəb olacaq. Müştərilərin rəqabəti səbəbindən bankların öhdəlik üzrə faiz dərəcələri sərt qalacaq”, - qurumun hesabatında qeyd edilib.
Bütövlükdə, “Moody's” ölkənin bank sistemi ilə bağlı müsbət proqnozu saxlayıb.
Hesabata görə, Azərbaycanın bank sektoru güclü kapital ehtiyatlarına malikdir. Agentliyin analitikləri hesab edirlər ki, sabit gəlirlilik onlara yüksək zərər udma qabiliyyətini və likvidliyi qorumağa imkan verəcək. Hökumətin bank sektorunu, xüsusən də ən böyük bankları dəstəkləmək qabiliyyəti və istəyi yüksək səviyyədə qalacaq.
“Moody's” vurğulayıb ki, hökumətin kredit qabiliyyətinin gücləndirilməsi və ölkənin əhəmiyyətli ehtiyatları (ümumi həcmi, o cümlədən Azərbaycan Dövlət Neft Fondu və AMB-nin vəsaiti ÜDM-in 90 %-ni keçib) bank sisteminə dəstəyi davam etdirməyə imkan verir.
AMB-nin məlumatına görə, 2024-cü ilin I yarısında Azərbaycanın bank sektorunda ROA 2,5 % təşkil edib. Bu göstərici 2023-cü ildə 2,4 %, 2022-ci ildə isə 2,2 % təşkil edib. (Report)