Bundan sonra Azərbaycan Mərkəzi Bankının (AMB) notlarına qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də investisiya qoya biləcəklər.
Hesablama Palatası Mərkəzi Bankın fəaliyyətində – NÖQSANLAR TAPIB – YOXLAMA
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq AMB antiinflyasiya xarakterli pul siyasətini davam etdirir. Eyni zamanda inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin əməliyyat çərçivəsi davamlı şəkildə təkmilləşdirilir. Aparılmış təhlillər göstərir ki, monetar şəraiti və bank sisteminin likvidliyini effektiv tənzimləmək, banklararası pul bazarını daha da aktivləşdirmək, faiz dəhlizinin bu bazarda formalaşan qısamüddətli faizlərə təsirlərini gücləndirmək və manatın qısamüddətli gəlirlik əyrisinin qurulması məqsədilə AMB-nin notlarının yerləşdirilməsi üzrə hərracların davam etdirilməsi məqsədəuyğundur.
Not hərraclarında rəqabəti artırmaqla müxtəlif müddətlər (1/3/6/9 ay) üzrə gəlirlik əyrisinin formalaşmasına şərait yaratmaq, qısamüddətli pul bazarında aktivliyi dəstəkləmək üçün notlar üzrə investor bazası genişləndirilmiş, notların yerləşdirilməsi şərtlərinə dəyişikliklər edilib. Qərara alınıb ki, banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsin. Limitlər bankların likvidlik mövqeyində və qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək üçün tətbiq edilir. Qisamüddətli notların məbləğinin genişləndirilməsi investorların sayını artırmaqla qiymətli kağızlar bazarında aktivliyə müsbət təsir göstərəcək.
AMB notların investor bazasının genişləndirilməsinin nəticələrini davamlı təhlil edəcək. Pul bazarında gedən proseslərdən və pul siyasəti hədəflərinə nail olunması vəziyyətindən asılı olaraq AMB-nin qiymətli kağızlarının yerləşdirilməsi şərtlərinə yenidən baxıla bilər.